Jurnalistlər məhkəməyə buraxılsınmı?
Azərbaycanda jurnalist peşə fəaliyyətinə mane olma hallarına tez-tez rast gəlinir. Aksiyalarda, mitinqlərdə jurnalistlərin əlindən kamerasının alınması, özlərinin polis bölmələrinə aparılması adi hala çevrilib. Lakin bununla iş bitmir. Məhkəmələrdə də jurnalist işinə əngəllər törədilir. İctimayətdə ciddi rezonans doğuran məhkəmə proseslərin çoxusuna jurnalistlər ya buraxılmır, ya da iclas zamanı zala keçə bilən jurnalistlər müxtəlif maneçiliklərlə rastlaşırlar.
Aprelin 17-də Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında buna münasibət bildirən Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib ki, açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil: "İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclasdır".
Jurnalist Aytən Məmmədova isə deyir ki, əslində vəziyyət məmurların dediyi kimi deyil: "Misal kimi, Bakı Hərbi Məhkəməsində hal-hazırda davam edən Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəməsini göstərmək olar. Bizi bu prosdə iştirak etməyə imkan vermirlər. Adətən bizə eyni bəhanə gətirib məhkəmə iclaslarına buraxmırlar. Deyirlər ki, zalda yer yoxdur". Onun sözlərinə görə, belə hallarla tez-tez Sabunçu Rayon, Suraxanı Rayon və Bakı Hərbi Məhkəmələrində gəlinir: ""Yer yoxdur" ifadəsi sadəcə bəhanədir. Yer olur və bu hamıya məlumdur. Sanki hakim özü qərar verir ki, iclasda jurnalist iştirak eləsin ya da eləməsin".
Hüquqşünas Samirə Ağayeva hesab edir ki, jurnalistin məhkəmə iclaslarına buraxılmaması məhkəmə açıqlıq prinsipini pozur: "Bu prinsin həm ölkənin Konstitusiyasında, həm də Cinayət-Prosesual Məcəlləsində təsbit olunub. Məhkəmə iclası açıq keçirilirsə, hər bir vətəndaş həmin iclasda iştirak edə bilər. Hakim məhkəmə iclasını qapalı keçirməyi qərar verirsə, zaldan yalnız jurnalistlər yox, bütün kənar şəxslər çıxmalıdır. Azərbaycan məhkəmələrində isə jurnalistlərin məhkəmə prosesinə buraxılmaması adətən zalda yerlərin olmaması ilə izah olunur. Lakin belə olan halda, bu yenə də jurnalistlərin problemi yox, dövlətin problemidir ki, məhkəmə açıqlıqını təmin edə bilmir".
Qeyd edək ki, qonşu Rusiyada ciddi rezonans doğuran və iştirakçıları çox olan məhkəmə proseslərində jurnalistlər üçün xüsusi otaqlar nəzərdə tutulub. Həmin otaqlarına qoyulan monitorlar vasitəsilə media nümayəndələri onlayn rejimində məhkəmə prosesini izləyə bilirlər.
Həmçinin bildirək ki, müxalif və müstəqil jurnalistlərin məhkəmə proseslərinə buraxılmaması barədə hakimiyyətin şifahi tapşırığı mövcüddur. Hakimiyyət yönümlü jurnalistlər bu problemlə rastlaşmırlar və adətən rezonans doğuran prosesləri işıqlandırmırlar.//turan.az//