İlin əvvəlindən dünyada 56 jurnalist öldürülüb
2018-ci ilin ilk 9 ayı ərzində dünyada 56 jurnalist peşəkar fəaliyyətinə görə öldürülüb."İnterfaks" xəbər verir ki, bu barədə "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatında nəşr olunan hesabatda deyilir.
Beləliklə, bu göstərici artıq indidən 55 nəfərin öldürüldüyü 2017-ci ildəki rəqəmdən çoxdur.
Təşkilatın məlumatında 2018-ci ilin əvvəlindən etibarən öldürülənlərin yarıdan çoxunun hərbi münaqişə zonalarında qətlə yetirildikləri qeyd olunur. Jurnalistlər daha çox Əfqanıstanda (13 nəfər), Yəməndə (5 nəfər), ABŞ-da (6 nəfər) və Meksikada (6 nəfər) öldürülüb.
"Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatının baş katibi Kristof Deluarın sözlərinə görə, statistikalar jurnalistlərin qorunması üçün tədbirlər görülməsinin zəruriliyini göstərir.
O, bu təşəbbüsün dünya miqyasında daha çox hökumət və yüzdən çox KİV, təşkilat və jurnalistlər ittifaqı tərəfindən dəstəkləndiyi üçün BMT baş katibinin sırf bu məsələ ilə məşğul olacaq xüsusi nümayəndəsi vəzifəsinin yaradılmasına dair çağırış edib.