Polis polkovnikinin öldürülməsində şübhəli bilinən şəxs zərərsizləşdirilib
İyulun 13-də səhər saatlarında Şəmkir rayonunda hüquq-mühafizə orqanları tərəfindən iyulun 10-da Gəncədə polis polkovnikinin öldürülməsində şübhəli bilinən Rəşad Böyükkişiyev öldürülüb.Baş Prokurorluq, DİN və DTX-nin məlumatına görə, Gəncə polis rəisinin müavininin öldürülməsində şübhəli bilinən şəxsin Şəmkir rayonunun Moranlı kəndində olduğu müəyyən edilib. Böyükkişiyevin saxlanılması əməliyyatı zamanı o, silahlı müqavimət göstərib və öldürülüb.
Mənbənin məlumatına görə, bir müddət əvvəl Gəncədə polislərə hücum edənlərdən biri - Samir İbrahimov həbs edilib. Bundan əvvəl hüquq keşikçiləri iğtişaşların daha 10 iştirakçısını saxlayıb.
Qeyd edək ki, dünən DİN, DTX və Baş Prokurorluq rəhbərləri Gəncəyə gəliblər, onlar hadisə yerində əməliyyat-axtarış tədbirlərinə rəhbərlik edirlər.
Xatırladaq ki, iyulun 10-da axşam Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncədə vətəndaşların icra hakimiyyəti başçısı Elmar Vəliyevin istefası tələbi ilə kütləvi etirazları baş verib. Vətəndaşların polislə qarşıdurması zamanı iki zabit - Gəncə şəhərinin və rayonlardan birinin polis rəislərinin müavinləri öldürülüb.
Hakimiyyət etirazçıları ölkədə sabitliyi pozmağa çalışan İranpərəst radikallar adlandırmağa tələsib. Amma bunun heç bir dəlili göstərilməyib, iyulun 3-də yerli sakin Yunis Səfərov tərəfindən güllələnən mer Elmar Vəliyevin özbaşınalığına və qanunsuz əməllərinə qiymət də verilməyib.
Aygün Mustafayeva