Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilib


Bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə (guya onun nəzarətçiyə hücum etməsi) xitam verilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, M.Hüseynovun və hüquq müdafiəçilərinin prezidentə müraciəti ilə əlaqədar dövlət başçısı Baş Prokurorluğa istintaqın obyektivliyinin təmin olunmasını tövsiyə edib. Prezidentin tövsiyəsinə uyğun olaraq baş prokuror istintaqa müfaviq göstəriş verib.

"İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynovun barəsindəki cinayət işinin icraatına xitam verilib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, M.Hüseynov hazırda aclıq aksiyası keçirmir, saxlanma şəraiti normaldır, bununla bağlı şikayət və tələbi yoxdur.

Eyni zamanda Baş Prokurorluq şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətəuyğun olmayan məlumatlar yayan KİV-lərə xəbərdarlıq edərək bildirir ki, ölkədə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq.

Ancaq adəti üzrə hakimiyyət kimi və nəyi nəzərdə tutduğunu konkretləşdirmir. Bundan əlavə, maraqlıdır ki, son məqama qədər Penitensiar Xidmət, məhkəmələr və prokurorluq M.Hüseynovun barəsində bunun əksini söyləyiblər. İki dəfə onun vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina edilib, onun islah olunmadını, həbsdə özünü yaxşı aparmadığını bildiriblrər.

Məhz bunu əsas gətirərək onu ölüm ayağında olan anası ilə vidalaşmağa qoymayıblar, ancaq dəfn mərasiminə buraxıblar.