7gun.org-dan DİN-in açıqlamasına cavab
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə 26 sentyabr 2018-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun şikayəti əsasında 7gun.org-da yayımlanmış "Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" başlıqlı məqalə barəsində açıqlama vermişdir. Həmin açıqlamada Elxan Kazımovun şikayətinin əsl mahiyyəti ört-basdır edilərək, Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Ərkivan qəsəbəsinin sakini İsmayılov Aytən Eynəli qızıının 28 may 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyi müraciətə əsasən aparılmış təhqiqat-istintaq hərəkətlərində heç bir qanunsuzluğun olmaması qabardılmışdır.Məlumat üçün bildiririk ki, Elxan Kazımov istintaq bölməsində azyaşlı oğlu Hüseynəli Kazımovun azyaşlıların və yeniyetmələrin zəruri istintaq hərəkətlərinə cəlb edilməsi qaydaları barədə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq valdeyininin, psixoloqun və təhsil aldığı Həsnəküçə tam orta məktəbin pedaqoji kollektivindən nümayəndənin iştirakları olmadan "günahını boynuna alması üçün" izahat verməyə məcbur edilməsindən və həmin hadisədən sonra ağır stres keçirərək qorxudan xəstələnib hal-hazıra kimi müalicə olunmasından şikayətçidir. Digər tərəfdən Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin əməkdaşları yalan məlumat verərək bir neçə azyaşlı uşaqların ailələrinin ağır və narahat günlər yaşamasına səbəb olmuş Aytən İsmayılova barəsində qanunamüvafiq tədbirləri həyata keçirməli idi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bilə-bilə yalan məlumat vermə və yayılması barədə müvafiq cəza tədbirləri nəzərdə tutulub. Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində yalan məlumat və şikayət ərizəsi əsasında istintaq aparıldığı üçün istintaq orqanı yalan məlumat verən şəxsi məsuliyyətə cəlb etməli idi. Açıqlamada göstərilir ki, "əgər Elxan Kazımov xanım şikayətçinin ərizəsində göstərilən xüsusatları əsassız, uydurma hesab edirsə, o zaman həmin qadınla aralarında yaranmış problemi mülki hüquq qaydasında həll edə bilər. Bunun əvəzində isə onun kütləvi informasiya vasitələrində polis əməkdaşları barəsində böhtan və şantaj xarakterli, qanun keşikçilərinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması yolverilməzdir ki, bu da hüquqi məsuliyyət doğurur".
7gun.org olaraq bildiririk ki, Elxan Kazımovun Aytən İsmayılova ilə hər hansı bir mülki problemi varmı ki, onun barəsində mülki qaydada məhkəməyə müraciət etsin?! Açıqlamanın bu hissəsində həm də dövlət orqanının rəsmi nümayəndəsi tərəfindən şikayətçi Elxan Kazımova qarşı təhdid notları var. Belə ki, Orxan Mansurzadəyə görə Elxan Kazımov üzləşdiyi ağır durumdan KİV-ə şikayət etməməli idi.
Xatırladırıq ki, yalan məlumat əsasında Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində aparılmış təhqiqat barəsində Elxan Kazımov Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və İnsan Hüquqları üzrə müvəkkilə (Ombudsman) dəfələrlə müraciətlər etmişdir.
Hər bir halda aidiyyəti dövlət orqanlarının rəhbərliyi Elxan Kazımovun şikayətlərini vaxtında qiymətləndirməli idi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadənin açıqlamasında göstərilən xüsusatlara cavab olaraq bikdiririk ki, biz
7gun.org olaraq qərəzdən və yalan informasiya yaymaqdan uzağıq. Biz faktı olduğu kimi ölkə ictimaiyyətinə çatdırmışıq.
Son olaraq onu da bildiririk ki, Elxan Kazımovun azyaşlı oğlu Hüseynəli Kazımovun hüquqlarının müdafiəsi üçün zəruri qanunamüvafiq tədbirləri davam etdirəcəyik.
7gun.org