“Həbsdə olan jurnalist Əfqan Muxtarlı karsa salınmayıb”Ombudsman
Həbsdə olan jurnalist Əfqan Muxtarlı karserə salınmayıb. O, qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.
7gun.org-ın Turan.az-a istinadən məlumatına görə bu barədə ombudsman Elmira Süleymanovanın jurnalistin yaxınına məktubunda deyilir.
Ə.Muxtarlı bir müddət öncə öz vəkili vasitəsilə E.Süleymanovaya müraciət edərək 16 saylı koloniyada qazunsuz olaraq karserə salındığını və onun hüquqlarının müntəzəm pozulduğunu bildirmişdi. O həmçinin skype vasitəsilə ailəsi ilə görüşmək üçün imkan yaradılmasını ombudsmandan xahiş edib.
E.Süleymanova cavab məktubunda yazıb ki, Penitensiar Xidmət Ə.Muxtarlının həbsdə fiziki və mənəvi təzyiqlərə məruz qaldığını inkar edib. O, bütün lazımi materiallarla və məişət şəraiti ilə təmin olunub, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifadə edir.
Penitensiar Xidmət jurnalistin karserə salınması, eləcə də telefon danışıqlarına qadağa qoyulması faktını da təkzib edib. Jurnalistin skype vasitəsilə öz ailəsi ilə danışmaq istəyinə gəlincə, qanunvericilikdə məhbusların qohumları və ya digər şəxslərlə İnternet vasitəsilə ünsiyyəti nəzərdə tutulmur.
Xatırladaq ki, oktyabrın ortalarında Ə.Muxtarlının xanımı bildirmişdi ki, jurnalist karserə salınıb. Onun sözlərinə görə, Əfqan icazəsiz tibb məntəqəsinə getdiyinə görə cəzalandırılıb. Əslində Əfqan dərman götürməkdən ötrü tibb məntəqəsinə getmək üçün icazə alıb. Onun karserə salınmasının səbəbi digər siyasi məhbus, AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı təxribata etiraz etməsidir.
M.İbrahim qadağan edilmiş əşyaların saxlanmasında ittiham olunub və hələ həbsdə ikən yeni cinayət təqibinə məruz qalıb.