"Siyasi məhbusları azyaşlı uşaqları ilə ünsiyyət imkanından məhrum edəcək qədər düşmək olmaz"Leyla Mustafayeva
16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanlanmış məktubunu göndərməkdən imtina edir.Jurnalist öz məktubunda ailəsi ilə videoəlaqə saxlamaq və övladı ilə ünsiyyətdə olmaq imkanı yaradılmasını xahiş edir. Bu barədə Avropada siyasi mühacirətdə olan jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.
Muxtarlı cəzaçəkmə müəssisəsi rəhbərliyinin məktubunu blokladığı barədə telefon söhbəti zamanı həyat yoldaşına bildirib.
"Qanunvericilikdə məhbusların "Skype" vasitəsilə ailə üzvləri ilə əlaqəsi nəzərdə tutulmayıb. Amma bu, qanunla qadağan da edilməyib", deyə Mustafayeva bildirib.
Onun sözlərinə görə, beş yaşlı qızları atası üçün çox darıxır və onun psixoloji vəziyyəti pisləşir. Martdan etibarən o, psixoterapiya alır. Qız atası ilə yalnız telefonla danışmaqdan yorulub və onu görmək istəyir.
"Ədliyyə Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi niyə məktub göndərişini qadağan edir. Siyasi məhbusları azyaşlı uşaqları ilə ünsiyyət imkanından məhrum edəcək qədər düşmək olmaz", deyə Mustafayeva bildirib.
Jurnalistin həmkarları bildiriblər ki, hazırda onun səhhətində problemlər yaranıb. Şəkərli diabet və arterial təzyiqlə yanaşı, o, kürəyində ağrılardan və güclü soyuqdəymədən əziyyət çəkir.
Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 29 may 2018-ci il tarixində Tbilisidə oğurlanıb və gizlincə Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və sərhədçiyə qarşı zorakılıq tətbiq etmə ittihamları ilə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti jurnalistin həbsini pisləyib. Amnesty İnternational onu "vicdan məhbusu" kimi tanıyıb.
Turan.az