12 saylı Notariat Kontorunda elektron avtomat «oyunu»
Azərbaycanda notariat xidmətlərinə böyük tələbat var və notariat kontorlarının sayı artır, deməli, onlara tələbat artır. İstənilən belə ofisdə vətəndaşların növbə gözlədiyini görmək olar. Onların arasında daşınmaz əmlak alğı-satqısı edən, avtomobilləri idarə etmək üçün etibarnamə verib-alan və digər xidmətlər üçün gələn şəxslər var. Dövlət notariat hərəkətlərinin aparılmasına görə rüsumun həcmini artırır, dövlətin notariat xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirlər artır, xidmət keyfiyyəti yaxşılaşmır, lakin vətəndaşların notariat kontorlarına axını azalmır.
Bakının Yasamal rayonundakı 12 saylı Notariat Kontoru sənədlərin notariat qaydada təsdiqlənməsinə görə dövlət rüsumlarının qəbulu üçün böyük qırmızı elektron avtomatla "bəzədilib". Məsələ ondadır ki, elektron köşk adlanan bu avtomat pulun qalığını qaytarmır.
7gun.org bildirir ki, bu barədə Turan-a müraciət edən oxucu iki dəfə 12 saylı Notariat Kontorunda oturub, hər dəfə də sənədlərinin hazırlanması üçün saatlarla gözləyib.
Sonuncu dəfə bu, iyulun 25-də, saat 11:00-12:00 arasında olub. Bu müddətdə heç kim köşkə yaxınlaşmayıb, oraya pul daxil etməyib. İşçilər rüsumu nağd şəkildə qəbul ediblər. Lakin vətəndaşlara ödəniş haqda qəbz verilməyib.
Amma inkassatorlar gəlib avtomatın içindəki metal qutunu başqası ilə dəyişiblər, yəni oradan pulları çıxarıblar. Deməli, avtomat işləyir, pulu isə oraya notariat kontorunun işçiləri qoyurlar, həm də vətəndaşların xidmətlərə görə ödəməli olduğu həcmdə. Qalanları isə onların özlərinə qalır, oxucu belə düşünür.
Onun versiyası şəxsi təcrübəyə əsaslanıb. Dövlət notariusu Hünər Hacıyevin tabeliyində olanlar ondan həmin gün öncədən alınmış üç manatdan əlavə 53 manat istəyiblər. Vətəndaşa verilən 1 saylı notariat formasında isə 20 manat məbləğində rüsum alındığı qeyd edilib.
Notariat kontorlarında vətəndaşların aldadılması, həddindən artıq rüsum tələb olunması barədə sosial şəbəkələrdə də yazırlar.
Notariat xidmətlərinə görə rüsumların həcminin göstərildiyi cədvəli axtarmaq məqsədilə Turan agentliyi notariusların tabe olduqları Ədliyyə Nazirliyinin saytını nəzərdən keçirib. Vətəndaşlar üçün lazım olan məlumatlar tapılmayıb. Notariat kontorlarında rüsumlarla bağlı məlumatı aşağldakı informasiya saytından tapmaq mümkün olub:
Linki tıkla:
https://news.day.az/azerinews/982942.html
Qeyd edək ki, 12-ci Notariat Kontorunun divarında xidmətlər üçün ödənişləri göstərən cədvəl asılıb.
Ədliyyə Nazirliyinin rəsmi saytında suallar siyahısına rast gəldik. Nazirliyin notariat kontorlarının fəaliyyətinin əhali tərəfindən necə qiymətləndirildiyini bilməsi üçün həmin sualları cavablandırmaq olar. Biz bu suallara cavab verdik və məlum oldu ki, notariat kontorlarında vətəndaşlar üçün su dispenserləri qoyulmalıdır. Lakin cavablar təsdiqləndiqdən sonra sayt ictimai sorğunun nəticələrini vermədi.
Ədliyyə Nazirliyinə bir neçə telefon zəngindən sonra Turan İA nazirliyin Qeydiyyat və Notariat İdarəsinin nümayəndəsi ilə danışa bildi. Ad və soyadını açıqlamaqdan imtina edən nümayəndə bildirdi ki, vətəndaşlar notariat xidmətlərinə görə rüsumu nağd pul şəklində, İnternet vasitəsilə elektron qaydada və notariat kontorlarında quraşdırılmış elektron köşklər vasitəsilə ödəmək hüququna malikdir.
Vətəndaş bütün hallarda - həm elektron köşk, həm də İnternet vasitəsilə ödəniş edərsə və ya ödəniş üçün nağd pul verərsə qəbz almalıdır.
Bizimlə bağlı indiki halda rüsum ödənilməsilə bağlı bu qanuni variantlardan heç biri işləməyib (qəbz verilməyib).
İkinci sualı cavablandıran məmur deyib ki, İdarədə təlimatların və qanunvericiliyin icrasının daxili yoxlanması həyata keçirilir, günahkarlar cəzalandırılır.