Deputat Mogerininin diqqətini Emin Aslanın həbsinə çəkib
Avropa Parlamentinin ALDE (Liberallar və Demokratlar) qrupunun nümayəndəsi Mariette Çeyk Azərbaycanda insan hüquqları üzrə hüquqşünas Emin Aslanın həbsi ilə bağlı sorğu ilə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Federika Mogerinyə müraciət edib.Deputat Aslanın həbsini Azərbaycanda hələ 2014-cü ildə başlamış və 2018-ci ildə Əliyevin yenidən prezident seçilməsindən sonra da davam edən "hüquq müdafiəçilərinə və Azərbaycan vətəndaş cəmiyyətinə qarşı mübarizənin pik nöqtəsi" adlandırıb.
Avropalı parlamentari Morgininin rəhbərlik etdiyi xidmətin Aslanın həbsindən xəbəri olub olmadığını, xəbəri varsa, bu addımı pisləmək və Azərbaycan hakimiyyəti qarşısında bu məsələni qaldırmaq niyyətində olub olmadığını soruşur.
Bakı demokratiya, insan hüquqları və qanunun aliliyini pozmağa davam edəcəksə, Mogerininin rəhbərlik etdiyi xidmət Avropa Komissiyası ilə birlikdə Azərbaycanla yeni saziş haqqında danışıqların dayandırılması məsələsinə baxacaqmı, deyə deputat soruşur.
Xatırladaq ki, ABŞ-ın Sirakuz Universitetinin magistratura pilləsinin məzunu Emin Aslan iyunun 4-də saat 17.30 radələrində bulvarda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Növbəti gün məhkəmə onu polisə tabe olmamaq ittihamı ilə 30 günlük inzibati həbs cəzasına məhkum edib. Vəkil prosesə buraxılmayıb.
Apellyasiya məhkəməsində məlum olub ki, polisin tərtib etdiyi protokola əsasən, Aslan guya 23.30-da Nərimanov parkında saxlanılıb. Aslan ittihamı təkzib edib. Turan.az