Məmməd İbrahim 16 saylı koloniyada aclığa başlayıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, həbsdə olan Məmməd İbrahim 16 saylı koloniyada aclığa başlayıb. O, həbs müddətinin bitməsinə iki gün qalmış karserə salınmasına etiraz edir. 7gun.org xəbər verir ki, bu barədə Turan-a onun oğlu Turan İbrahim bildirib.
O xatırladıb ki, sentyabrın 27-də atasını karserə salıblar, guya onun yastığının altından bıçaq tapılıb.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Turan-ın sorğusunun cavabında bildirib ki, vaxtaşırı məhkumların üzərində axtarış aparılır. Növbəti belə tədbir zamanı M.İbrahimdən kəsici-deşici alət aşkar edilib. Bundan sonra O, cərimə kamerasına salınıb və araşdırma başlayıb.
M.İbrahimin karserə salınması sosial şəbəkələrdə fəalların narazılığına səbəb olub. Çoxları hesab edir ki, M.İbrahimi azadlığa buraxmamaq üçün ona qarşı təxribat törədilib.
Xatırladaq ki, Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və CM-in 221.2.2-ci maddəsi (polisə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.