Reallıq.info saytının rəhbərinin ev dustaqlığına buraxılması istənilir


Barəsində məhkəməyə qədər həbs tədbiri seçilmiş jurnalist İkram Rəhimovun ev dustaqlığına buraxılması istənilir.

7gun.org xəbər verir ki, bu haqda AzadlıqRadiosuna jurnalistin ailə üzvləri bildiriblər.

Onların deməsinə görə, İ.Rəhimovun vəkilləri bu gün, noyabrın 20-də bununla bağlı Səbail Rayon Məhkəməsinə vəsatətlə müraciət ediblər.

Vəkilləri İ.Rəhimov barəsindəki həbs qərarının ev dustaqlığına dəyişdirilməsini xahiş ediblər. Məhkəmədən həmçinin jurnalistin 11 min manat məbləğində girov əvəzində azadlığa buraxılmasını istəyiblər.

Prosessual qanunvericiliyə görə, belə vəsatətlərə 10 gün ərzində baxılmalıdır.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb . O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu:

"İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib", açıqlamada vurğulanırdı.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.