Məmməd İbrahimlə bağlı vəsatətə baxılacaq


Məmməd İbrahimin məhkəməsi olacaq

Oktyabrın 10-u saat 10:00-da Yasamal Rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq.

Bu haqda Məmməd İbrahimin vəkili Cavad Cavadov daha əvvəl məlumat vermişdi.

Müdafiə tərəfi həbs qərarından Strasburq Məhkəməsinə şikayət hazırlamağı planlaşdırır.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

Sentyabrın 28-də Yasamal rayon məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkil Cavad Cavadovun sözlərinə görə, İbrahim Apellyasiya Məhkəməsində təhqiqatda iştirak edib və deyib ki, yeni ittiham da əvvəlkilər kimi tamamilə uydurmadır. Onun saxladığı iddia olunan bıçağın onunla heç bir əlaqəsi yoxdur.