AXCP üzvünün işilə bağlı məhkəmə başlayıb


Bu gün Bakının Suraxanı Rayon Məhkəməsində Azərbaycn Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı cinayət işilə bağlı hazırlıq iclası keçirilib.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə həbs olunub. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması barədə ittiham irəli sürülüb. Bu ittiham üzrə onu 6 ayadək həbs cəzası gözləyir.

Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Hakim Ceyhun Qədimovun sədrliyilə bugünkü iclas zamanı M.İbrahim səhhətindən şikayətlənib.

"Gözlərimdə ciddi problemlər var. Əməliyyatdan sonra ikinci gözümdə də görmə zəifləyib. Nə qərar verəcəksinizsə, tez verin, çıxım gedim", - M.İbrahim bildirib.

Vəkil Cavad Cavadov məhkəmə istintaqı başa çatana qədər M.İbrahimin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin hakim M.İbrahimin mühakimə olunduğunu və onun məhkəmədən yayınmayacağına zəmanətin olmadığını deyib.

Hakim M.İbrahimin öz vəkili ilə yanaşı əyləşməsinə icazə verməyib və prosesdən audio, videoçəkilişləri qadağan edib.

Vəkil M.İbrahimin yastığının altından bıçaq tapılmasını sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. O deyib ki, ekspertizanın verdiyi rəyə görə, bıçağın üzərində M.İbrahimin barmaq izləri yoxdur.

Buna baxmayaraq, vəsatət təmin olunmayıb. Mahiyyəti üzrə dinləmələr noyabrın 28-nə təyin edilib.

Turan.az