Məhkəmə realliq.info saytının rəhbərini cərimələyib
Bu gün, noyabrın 1-də Şirvan Apellyasiya Məhkəməsində bir neçə gün əvvəl Dövlət Təhlükəsiliyi Xidmətinin saxladığı jurnalist, realliq.info saytının rəhbəri İkram Rəhimovun məhkəməsi keçirilib. Məhkəmə jurnalistin mülki qaydad 5 min manat cərimələnməsi haqda qərarı qüvvədə saxlayıb.7gun.org məlumatına görə bu haqda Turan-a məhkəmədən bildiriblər.
Sözügedən işdə İkram Rəhimovu və realliq.info saytını "Az-Qranata" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə vermişdi. Məhkəmə iddiasına Realliq.info saytında yayılmış "Az-Qranata"nın məhsulları həyat üçün təhlükəlidir" sərlövhəli məqalə səbəb olmuşdu. Həmin yazıda Bakıda "Az-Qranata"nın spirtli içkilərindən zəhərlənmə hallarının baş vernəsindən bəhs olıunmuşdu. Yazıdan narazı qalan müəssisə saytın və İ.Rəhimovun 200 min manata cərimə edilməsini, təkzib verilməsini, üzr istənilməsini tələb etmişdi.
Mülki iddiaya əvvəlcə Masallı Rayon Məhkəməsində baxılmış, "Az-Qranata"nın iddiası qismən təmin edilmişdi. Rayon məhkəməsi jurnalistin üzərinə iddiaçıya 5 min manat təzminat ödəmək, üzr istəmək və təkzib vermək vəzifəsi qoymuşdu.
Şirvan Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayətdə rayon məhkəməsinin qərarının qanunsuz olduğu, mübahisə doğruan yazının istehlakçı hüquqları sahəsində çalışan QHT-lərin bilgilərinə, konkret ziyançəkənlərin şikayətinə əsaslandığı vurğulanıb.
Şirvan Apellyasiya Məhkəməsi şikayətə İ.Rəhimovun iştirakı olmadan baxıb. Hakim Zəki Babayevin sədrlik etdiyi məhkəmə heyəti Masallı Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İ.Rəhimovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna açıqlamasında qərarla razı olmadıqlarını, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib.
İ.Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub. O tutulmamışdan əvvəl Prezident Administrasiyasının yüksək vəzifəli şəxsini tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.
Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsinin onun saxlanılması ilə bağlı məlumatında İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə başqalarından pul tələb etdiyi iddia olunur.
"Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib", məlumatda qeyd edilir.
İ.Rəhimov isə ittihamları rədd edib, yazılarına görə həbs edildiyini açıqlayıb.
Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı "Ucuz market" ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu.
İ.Rəhimov saytda R.Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib. Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.
Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm redaktoru, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.
Redaktor mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən şəhər rəhbərliyinin göstərişi ilə ona işgəncə verildiyini açıqlamışdı.
Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti redaktorun bu iddiasını təkzib etmişdilər.
Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş redaktoru və mediaya müraciət yazmış Rəhman Novruzovu vaxtından əvvəl, məhkəmə zalından azadlığa buraxıb.
İ.Rəhimovun işi üzrə yerli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib.