"Əli və Nino" cərimələndi


Maliyyə Bazarlarına Nəzarət Palatası "Əli və Nino"nu cərimələtdirib. Palata protokol tərtib edərək, "Əli və Nino Yayım" MMC-yə qarşı inzibati xəta işinin başlanmasından ötrü məhkəməyə üz tutub.

"Əli və Nino" cərimələndi

Nəsimi Rayon Məhkəməsi "Əli və Nino"nun İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozduğu nəticəsinə gəlib və onu 1361 avro cərimələyib.

Bu maddədə avans yoluyla xarici valyuta ilə ödəniş olunsa da, nəzərdə tutulan malların 180 gün ərzində idxal olunmaması, işlərin görülməməsi və buna baxmayaraq, ödənilmiş valyutanın geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulub.

Qanuna əsasən, hüquqi şəxslər üçün cərimə ödənilmiş valyuta məbləğinin 20 faizindən 30 faizinə qədərdir.

Məhkəmə qərarında yazılıb ki, "Əli və Nino Yayım" MMC 6 min 805 avro avansla ödəniş edib, ancaq 180 gün ərzində malları ölkəyə gətirmədiyinə görə bu məbləğin 20 faizi qədər - 1361 avro cərimələnib.

"Əli və Nino" qərardan narazı qalıb apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Oktyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib və birinci instansiya məhkəməsinin cərimə qərarını qüvvədə saxlayıb.

"Cəmi 7 gün gecikmə olub..."

"Əli və Nino" şəbəkəsinin sahibi Nigar Köçərli cərimə qərarını əsassız, özlərinə qarşı "böyük ədalətsizlik" sayır.

7gun.org xəbər verir ki, bu haqda AzadlıqRadiosu-na danışan Köçərli deyir ki, cəmi 7 günlük gecikməyə görə böyük məbləğdə cərimə ilə üzləşiblər:

"Bizim mağazalarımızda ingilis, fransız, alman dillərində də kitablar satılır. Biz o kitabları Avropadan dənə-dənə yığıb gətiririk. Bu, uzun prosesdir, bəzən aylarla çəkir. Bu dəfə də pulunu ödəmişdik, amma malları vaxtında gətirib çıxarmaq mümkün olmadı. Daha doğrusu, bir hissə gətirildi, ikinci hissə yolda ləngidi, nəzərdə tutulmuş müddətdən 7 gün gec gəldi. Amma malların hamısı gətirilib. Buna baxmayaraq, elə böyük məbləğdə cərimələnməyimiz çox ədalətsiz qərardır".

Daim qanunun tələblərinə uyğun fəaliyyət göstərdiklərini deyən N.Köçərli cərimənin ləğvində israrlıdır. Bildirib ki, apellyasiya məhkəməsinin qərarını alandan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.