Realliq.info saytının redaktorunun məsuliyyətə cəlb edildiyi bildirilir
Şənbə günü Dövlət Təhlükəsizlik Xidməti realliq.info saytının redaktoru İkram Rəhimovu saxladığını təsdiq edib.
DTX-nin məlumatında deyilir ki, İkram Rəhimov CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.
DTX-nin məlumatına görə, Rəhimov reketlə məşğul olur, vətəndaşlardan və sahibkarlardan onlar haqqında rüsvay edici və böhtan xarakterli məlumat dərc etməmək üçün pul tələb edirdi.
DTX iddia edir ki, əməliyyat tədbirləri nəticəsində Rəhimovun və onunla əlaqəli şəxslərin törətdiyi bir sıra cinayət əməlləri müəyyən edilib.
Xatırladaq ki, Rəhimov dünən mülki geyimli bir qrup şəxs tərəfindən saxlanılıb. Buna qədər o, dövlət başçısının köməkçisi Əli Həsənovun adına açıq məktub dərc edərək, onu və onun nəzarəti altında olan KİV-ləri jurnalistlər üçün ev tikərkən böyük pul vəsaitini mənimsəməkdə və söz və ifadə azadlığını pozmaqda ittiham edib.