Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!


Zəminə Nəzərovanın müraciəti Masallı rayon Prokurorluğunun icraatındadır.

Masallı şəhər 2-ci Dadva məhəlləsinin sakini Nəzərova Zəminə Ağababa qızı 7gun.org-a müraciət edərək, 2016-cı ilin may ayından etibarən özünün və ailəsinin Masallı rayon İcra Hakimiyyətinin Başçısının aparatı və Polis Şöbəsi tərəfindən təqiblərə və təhqirlərə məruz qalması, respublika rəhbərliyinə dəfələrlə müraciətlər etməsinə baxmayaraq, pozulmuş hüquqlarının bərpa olunması üçün əməli tədbirlərin həyata keçirilməməsi barədə şikayətini bildirmişdir.

Zəminə Nəzərova demişdir ki, 26 iyun 1997-ci ildə mərhum qaynatam Əlirza Nəzərov Masallı Meşə Təsərrüfatı İdarəsinin keçmiş rəisi Ağaqardaş Qaraşovla bağladığı hüquqi müqaviləyə Masallı rayon İcra Hakimiyyətinin keçmiş Başçısı Teymur Yəhyayevin imzaladığı 15 fevral 1998-ci il tarixli 505 saylı sərəncama əsasən Masallı şəhərinin 2-ci Dadva məhəlləsində ailəmizə ayrılmış həyətyanı torpaq sahəsinin yanındakı meşə zolağının yararsız hissəsində 1 mərtəbəli tikli inşa etdirmişdir. Həmin tikli təmirsiz olduğuna görə istifadəsiz qalmışdır. 2016-cı ilin may ayının ortalarında ərim Nəzərov Bakir Əlirza oğlu və mən həmin tiklini başa çatdırmaq və təmir etdirib mağaza kimi istifadə etməkdən ötrü rəsmi icazə almaq üçün Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun qəbuluna girmək istədik. Qaynatam rəhmətə getdiyinə görə, ərim onun varisi olaraq, sahibkarlıqla məşğul olmaqdan ötrü müvafiq hüquqi sənədləri yenidən qeydiyyata aldırmaq istəyirdi. İcra Hakimiyyətinin Başçısı məzuniyyətdə olduğuna görə, bizi onun birinci müavini Abıyev Nadir Mikayıl oğlu qəbul etdi. Nadir Abıyev bizdə olan sənədlərə baxdıqdan sonra İHB-ı tərəfindən yenidən sərəncamın verilməsinin lazım olmadığını və işimizə davam etməyi tapşırdı. Əvəzində bizdən 3000 (üç min) manat pul istədi və bildirdi ki, həmin məbləğdə İHB-ı Rafil Hüseynovun və digər şəxslərin də payı var. Biz razılıq verdik. Həmin qəbuldan 3 gün sonra Nadir Abıyev bizə zəng etdi və pulu İsti-Su yolunun üstündə tikdirdiyi şəxsi istirahət mərkəzinə gətirməyi tapşırdı. Ərim xəstə olduğuna görə mən oğlum Əmrahla birlikdə Nadir Abıyevin istirahət mərkəzinə getdim və pulu ona verdim. Nadir Abıyev tikintini başa çatdırmağı və sahibkarlıqla məşğul olmağı bizə tövsiyə etdi. Biz yarımçıq tiklinin üstünü inşa etdirməyə başladıq. Binanın damını bağlatdırarkən Masallı rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları həyətimizə gəldilər, tikintini dayandırmağımızı tələb etdilər. Mən Nadir Abıyevə zəng etdim, lakin o zəngimə cavab vermədi. Ərim qara ciyər serrozundan və şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə mən özüm rayon icra hakimiyyətinə getdim, Nadir Abıyevlə görüşüb, ona baş verən hadisə barədə məlumat verdim. Lakin o, məni dinləmək istəmədi. Mən ondan 3000 manat pulun geri qaytarılmasını tələb etdim. Nadir Abıyev həmin pulu qaytarmayacağını və ailəmizin başına oyun açacağını bildirdi.

01 iyun 2016-cı il tarixdə təxminən saat 15-16 radələrində Masallı rayon Polis Şöbəsinin 20-ə yaxın əməkdaşı həyətimizə hücüm edib, mənı zor tətbiq edərək döyməyə başladılar. Məni huşsuz halda Post Patrul Xidməti maşınına mindirərək Polis Şöbəsi rəisinin yanına apardılar. Döyülməyimlə əlaqədar başımdan və bədənimin müxtəlif nahiyələrindən ağır xəsarətlər almışdım. Polis Şöbəsində məndən heç bir izahat almadan buraxdəlar. Aldığım xəsarətlərə görə Masallı rayon Mərkəzi Xəstəxanasına müraciət etsəm də, lakin məni qəbul etmədilər. Qohumlarım məni Lənkəran şəhər Xəstəxanasına apardılar. Mən orada bir ay müalicə olundum.

Masallı rayon icra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi xəstəxanada müalicə olunmağımdan ehtiyyatlanaraq, törətdikləri cinayət əməlini ört-basdır etmək üçün güya mənim Polis əməkdaşlarına zor tətbiq etməyim barədə Masallı rayon Prokurorluğuna qondarma məlumat verdilər. Rayon Prokurorluğunda AR CM-in 315.1-ci maddəsi ilə barəmdə istintaq aparılaraq cinayət işi məhkəməyə verildi. Maraqlıdır ki, icra məmurları özlərini qanmazlığa vuraraq, 2-ci qrup əlil olan bir qadını 20-yə yaxın polis əməkdaşlarına necə müqavimət göstərdiyini və hansı fizki qüvvə ilə xəsarət yetirdiyini qiymətləndirə bilməmişlər.

30 yanvar 2017-ci il tarixdə Masallı rayon Məhkəməsinin hakimi Anar Alməmmədov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə məni cinayət əməli törətməkdə təqsirli bilib, 1il müddətində azadlıqdan məhrum edilməyim barədə hökm çıxartdı.

11 iyun 2017-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Masallı rayon Məhkəməsinin hökmünü dəyişdirərək, məhkumluğumun qalan hissəsini şərti azadlığda keçirtməyim barədə qərar qəbul etdi.

Masallı rayon Prokurorluğunda və rayon Məhkəməsində mənim Polis əməkdaşları tərəfindən vəhşicəsinə döyülməyimi əks etdirən fotoşəkillərə və videogörüntülərə, habelə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi Masallı rayon Şöbəsinin ağır kəllə-beyin travması, bədən xəsarətləri almağım barədə tərtib etdiyi 02 iyun 2016-cı il tarixli 306 saylı ekspert rəyinə, Lənkəran şəhər Mərkəzi Xəstəxanasında 02 iyun 2016-cı il tarixdən 28 iyun 2016-cı il tarixə kimi qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi-birinci dərəcə diaqnozu ilə müalicə olunmağım haqqında xəstəlik tarixindən çıxarışa hüquqi qiymət verilməmişdir.

2016-cı ilin iyun ayından başlayaraq Kütləvi İnformasiya Vasitələrində mənim Polis vəhşiliyinə məruz qalmağım barədə və rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev tərəfindən aldanılmağım barədə geniş məlumatlar dərc olunmuş, videogörüntülər yayılmışdır.

Dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ali Məhkəmə Masallı rayon İcra Hakimiyyəti və Polis Şöbəsi tərəfindən ailəmizin başına gətirilən müsibətlərə hal-hazıra kimi biganə yanaşmışlar. Mən sentyabr ayında təkrarən İlham Əliyevə müraciət edib, sahibkarlıq fəaliyyətinə başlamağım üçün məndən rüşvət almış və dələduzluq etmiş Nadir Abıyevdən 3000 manat pulumun alınıb geri qaytarılması üçün müvafiq tədbirlər görülməsi istiqamətində göstəriş verməsini xahiş etmişəm. Müraciətimin araşdırılması Masallı rayon Prokurorluğuna həvalə olunmuşdur.

Mən 2-ci qrup əliləm. Həyat yoldaşım ağır xəstədir. Aldığımız təqaüd ərimin dərmanlarını almağa belə çatmır. Ailəmiz ağır maddi durumda yaşayır. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev tərəfindən qurulan plana əsasən Polis Şöbəsinin rəhbərliyi tərəfindən şərlənərək həbs olundum. KİV-dən xahiş edirəm ki, müraciətim Masallı rayon Prokurorluğunda araşdırıldığı dövrdə mənə dəstək olsunlar.

7gun.org olaraq yazıda adları qeyd olunan bütün tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

Rafiq Çağlar

7gun.org