Şamaxı-Xeybəli yolu bağlandı, kəndlilər aksiya keçirdi


Bu gün, iyunun 13-də Şamaxı rayonunun Xeybəli kəndinin sakinlərinin bir qrupu rayonun icra hakimiyyətinin qarşısına toplaşıb. Onlar kəndləri ilə rayon arasındakı yolun yararsız hala düşməsinə, əlaqəli qurumların problemi çözməməsinə etriaz ediblər.

7gun.org-ın məlumatına görə, narazı kənd sakinlərindən Niyaməddin Qarayev Turan-a bildirirb ki, artıq həftələrdir ki, Xeybəli kəndi ilə rayon mərkəzi ilə əlaqə demək olar ki, tamamilə kəsilib.

"Neçə həftədir ki, fasilələrlə yagış yagır. Yollar onsuz da bərbad halda idi, indi daha da dagılıb. Gəlib, kənardan baxıb, gedirlər, əlac edən yoxdur. Məcbur qalıb, icra hakimiyyətinin qarşısına toplaşdıq ki, icra başçısına dərdimizi deyək", söyləyən kənd sakini dağılmış yolların bərpası üçün gərəkli texniki vasitələrin olmadığını bildirib.
Onun sözlərinə görə, günlərdir ki, yollarda batıb qalan avtomaşınlar var. Onların çıxarılması, yolun normal hala salınması üçün aidiyyatı qurumlar heç bir addım atmır.

Şamaxı-Xeybəli yolundakı uçqunda maşını ilişib qalan kənd sakini Nazim Azadoğlu isə bu günə kimi rayon icra hakimiyyətnin, digər orqanların heç bir tədbir görmədiyini deyib.

"Neçə gündür, maşın batıb qalıb dərədə. "Fövqəladə hallara" zəng vurmuşam, gəlmirlər. Deyirlər ki, biz kömək edə bilmərik. Əvvəl "icraya" da müraciət etdik. Söz vermişdilər ki, uçqunm olan yerdə işləyə bilən agır texnika, traktor-filan göndərəcəklər, ancaq gözlədik, gəlib çıxmadı", deyən N.Ağaoğlu icra başçısı rəsmilərininə dərdlərini yenidən anlatdıqlarını bildirib.
Narazı kənd sakinlərini icra hakimiyyətinin rəsmiləri dinləyib. Onlara vəd verilib ki, problemin aradan qaldırılması, Şamaxı-Xeybəli yolunun istifadəyə yararlı hala gətirilməsi üçün lazım olan addımlar atılacaq.

Xeybəli kənd sakinlərinin problemləri ilə bağlı Şamaxı İcra Hakimiyyətindən münasibət alımaq mümkün olmayıb.