“İstisu”nun tikintisində müəmmalar-ARAŞDIRMA


"Son illər ölkədə sahibkarlığın inkişafına dəstək çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlər görülüb. Bu, bəlkə də qeyri-neft sektorunun inkişafı zərurətindən irəli gəlir”.

7gun.org-ın məlumatına görə Lənkərandan AzEuroNews.com-un elektron poçtuna göndərilən araşdırma materiala belə sadə giriş verib. Sonra oxucu görünməyən qaranlıqlara işıq salıb və ixtisarla təqdim edirik:

Oliqarxların əlinə düşən girəvə – qanunda

Oxucumuz yazır ki, əvvəlcə 2011-ci ildə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılır.

2 il sonra hansısa fövqəlqüvvə bunun kifayət etmədiyini, əksər millət vəkillərinin də maraqlı olduğu bir məsələyə, yəni sahibkarların maraqlarının dövlət təminatına ehtiyac olduğunu bildirir. Bu minvalla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ayrıca qanun qəbul edilir.

Lakin hələ bununla da iş bitmir. Bundan sonra sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması "ideyası” irəli sürülür və nəticədə, sahibkarların mənafeyinin müdafiəsinə yönəlmiş növbəti addım atılır.

Yəni, 20 oktyabr 2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması haqqında qanun qəbul edilir.

Bu cür "özünümüdafiə” tədbirlərinin səmərəsini görən işbaz məmurlar sözügedən qanunun 1-ci maddəsindəki "2 (iki) il müddətinə” sözlərini "2021-ci ilin yanvarın 1-dək” sözləri ilə əvəz edərək qanunun tətbiq müddətinin daha da uzadılmasına nail olurlar.

Beləliklə, oliqarxlarla monopolistlərin arzusu təmin olunur və əllərinə girəvə düşür. Qanunsuz sahibkarlıq fəaliyyəti göstərən bir çox korrupsioner məmurlar bu imkanlardan gen-bol bəhrələnərək çoxgedişli maliyyə kombinasiyaları icad edir.

İstisu hansı şirkətə verilib?

Sözün kəsəsi, oxucumuz mətləbə gəlir. O, bildirir ki, Lənkəranın Haftoni qəsəbəsindəki köhnə İstisu sanatoriyasının ərazisi qurama şirkətlərdən olan "Lenkeran Hotel and Resort Company” MMC-nin adına özəlləşdirilib.

Halbuki sanatoriya özəlləşdirilməzdən xeyli qabaq, yəni 2000-ci illərin əvvəllərində prezidentin sərəncamı ilə Lənkəran rayonunda kurort-sanatoriya xidmətlərinin yaxşılaşdırılması, turizmin inkişafı və əhalinin məşğulluğunun təmin olunması məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik "İstisu” sanatoriyasının əsaslı təmiri "2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına daxil edilmişdi.

Bu sərəncamın icrası Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Tikinti və Arxitektura Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə və Lənkəran Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi.

Bundan bir qədər sonra, yəni 14 sentyabr 2005-ci ildə cənub rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezidentin № 1001 saylı sərəncamı dərc olunur.

Bu sərəncamın 2.3-cü bəndində açıq-aydın göstərilir: 2005-2006-cı illər ərzində Lənkəran rayonunda turizmin inkişaf etdirilməsi məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik "Lənkəran” (İstisu) sanatoriyasının əsaslı təmiri Maliyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon icra hakimiyyətinə həvalə edilsin.

Lakin bu illər ərzində sanatoriyada nəinki heç bir iş aparılmadı, əksinə onun qapıları bağlanaraq uzun müddət mühafizə altında istifadəsiz qaldı, dövlət səviyyəsində isə buna heç bir reaksiya verilmədi.

Büdcə vəsaiti şirkətə köçürülüb

Oxcumuz yazır ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair növbəti dövlət proqramında artıq bu sanatoriyanın adı ümumiyyətlə çəkilmir. Sanki belə bir müəssisə heç əvvəldən mövcud olmayıb!

Beləliklə, Lənkəran İstisu dövlət proqramından çıxarılaraq "Lenkeran HotelResort Company” MMC ilə təmsil olunan "PaşaHolding”-in mülkiyyətinə çevrilir.

Hazırda Lənkəran İstisu Sağlamlıq Mərkəzi (LİSM) layihəsi adı altında ərazidə intensiv tikinti və layihələndirmə işləri aparılır.

İş aparan tikinti şirkətləri müqaviləni "Lenkeran Hotel and Resort Company” MMC ilə bağlasalar da, layihəyə ümumi nəzarəti "PMD Group LLC” həyata keçirir.

"Lenkeran Hotel and Resort Company” MMC-nin bəzi əməkdaşları eyni zamanda "PMD Group LLC”-nin əməkdaşlarıdır.

Müəllif sual edir ki, "PMD Group MMC” tikinti-inşaat sahəsində kifayət qədər tanınmış şirkət olduğu halda, əməkdaşlarının adlarının qurama şirkətin əməkdaşları kimi təqdim edilməsində məqsəd nədir…

Yaxud, cəmi üç yaşı olan, heç kəsin tanımadığı bu qurama şirkət ərazidə müxtəlif tikinti xidmətləri göstərən onlarla şirkətin pulunu ödəmək üçün maliyyə vəsaitini haradan gətirir?

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı çərçivəsində Lənkəran İstisu sanatoriyasının əsaslı təmirinə ayrılmalı olan büdcə vəsaiti şirkətin bank hesabına yönəldilib.

Fəhlələr 10 saat işlədilir…

LİSM layihəsi işçilərinin yemək və yol xərclərinin qarşılanmasında bir pərakəndəlik hökm sürür. Hər şirkət öz işçilərini aparıb-gətirmək üçün ayrıca servis tutmalıdır.

Acınacaqlısı budur ki, bir şirkətin servis maşını digər şirkətin yolla piyada gedən fəhləsini götürmür.

Bundan əlavə, əmək qanunvericiliyində 8 saatdan artıq olmayan iş günü nəzərdə tutulub. LİSM layihəsində isə fəhlələr 10 saat işləyir.

Başqa sözlə desək, əmək müqaviləsində iş vaxtı səhər saat 9:00-dan axşam saat 17:00-dək göstərilsə də, sahibkarlar onları işə səhər saat 8-də gəlməyə məcbur edir, axşam isə saat 6-dan tez buraxmırlar.

İşçilərə avans verilmir və bu azmış kimi, ilk ayın maaşı növbəti ayın sonunda ödənilir.

İşəgötürənlər işçilərlə bağladıqları müqavilələrin bir nüsxəsini onlara vermirlər.

Mövcud vəziyyətə dövlət nəzarətini həyata keçirməli olan orqanlardan biri və bəlkə də birincisi Dövlət Əmək Müfəttişliyidir.

Lakin Lənkəran DƏM xidmətinin müdir müavini R.Rəhimovun dediyinə görə, məlum prezident fərmanı ilə əlaqədar onların özəl şirkətlərin işinə müdaxilə etməyə ixtiyarı yoxdur.

Ancaq hər hansı fəhlə fərdi qaydada müraciət edərsə, həmin müraciət əsasında müvafiq araşdırma aparmaq olar.

Ümumiyyətlə, LİSM layihəsinin rəhbərləri bir tərəfdən yuxarıda sadaladığımız məhdudlaşdırıcı tədbirlərə, digər tərəfdən Bakıdakı himayədarlarına güvənərək nə rayonun yerli icra hakimiyyətini, nə bələdiyyəsini, nə də digər yoxlayıcı orqanları vecinə almır.

Misal üçün, bu yaxınlarda Lənkəranın "Ağ saray” şadlıq evində təhlükəsiz iş aylığı mövzusunda keçirilən tədbirə Dövlət Əmək Müfəttişliyi xidmətindən heç kəs dəvət olunmayıb – oxucu belə yazır…

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini öyrənib dərc etməyə hazırıq…

“İstisu”nun tikintisində müəmmalar“İstisu”nun tikintisində müəmmalar
“İstisu”nun tikintisində müəmmalar