İcra başçısına biət edən maliyyə rəisi kimdir?
Gəncəbasar zonasında təkcə bəzi icra hakimləri yox, o cümlədən bəzi təhsil şöbələri müdirləri, maliyyə idarəsi rəisləri bir nəfərə biət edirlər
FİA.Az-ın yerli mənbələrə və mediaya istinadla yaydığı xəbərdə iddia olunur ki, həmin şəxs Gəncənin icra başçısı Elmar Vəliyevdir. E.Vəliyev təhsil şöbəsi müdirlərini və maliyyə idarəsi rəislərini idarə edir. Ona görə həmin məmurlar maliyyə naziri Samir Şərifovla təhsil naziri Ceyhun Bayramovdan daha çox, Gəncənin merinə baş əyirlər.
Onlardan biri də Yevlax maliyyə idarəsi rəisi Rza Əliyevdir. Bu haqda mətbuatda müxtəlif informasiyalar dolaşır. Deyilir ki, R.Əliyev E.Vəliyevə etibar edir.
Nazir Samir Şərifova tabe olmasına baxmayaraq, onun gözləntiləri daha çox E.Vəliyevdəndir.
Hətta bir müddət əvvəl Kürdəmir, sonra Samux icra başçısı olmaq üçün dəridən-qabıqdan çıxan R.Əliyev E.Vəliyevin dəstəyini gözləyirmiş.
Amma icra hakimlərinin təyinatının prezidentin səlahiyyətində olduğunu görünür, unudub. Amma Gəncə meri ona dayaq olmağa söz versə də, istəkləri baş tutmayıb.
E.Vəliyevlə uzaq qohumluğu çatan Yevlaxın maliyyə rəisi bu postunda qalmasına da ona borcludur. Yəni, S.Şərifovdan daha çox E.Vəliyevə güvənir.
Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Mətbuatın yazdığına görə bir neçə il əvvəl V.İsayevlə R.Əliyevin münasibətlərinin pozulması Rza Əliyevin Yevlaxa transfer olunması ilə nəticələnib.
Onun yerinə, Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə isə Elmar Vəliyevin xalası oğlu təyinat alıb.
Yerli mənbələrə və mediaya istinadla yaydığımız xəbərdə iddia olunur ki, Hesablama Palatasının yoxlaması zamanı R.Əliyevin ciddi maliyyə pozuntuları üzə çıxıb.
Məbləğ o qədər böyük olub ki, bu rəqəmi iki dəfə azaltdıqda da R.Əliyevin cəzasız qalacağı müşkülə düşüb.
Bu olayla bağlı bilgiləndirən mənbənin sözlərinə görə, o zaman Hesablama Palatasının rəhbərliyinə Gəncə şəhər icra Başçısı Elmar Vəliyev minnətçi düşüb.
R.Əliyev Bərdədən Yevlaxa köçürülməklə canın qurtara bilib. Amma adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir.
Maliyyə İdarəsinin rəisi Bərdəni çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub.
Yevlaxda "vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər. Onun varidatının günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə reallaşmayıb.
Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. O, Bərdədə bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirib.
Abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən 30 milyon manata yaxın pul vəsaiti ayrılıb.
Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub.
Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir.
R.Əliyev büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməyib.