İcra başçısının qardaşı oğlu 17 yaşlı gəncə qarşı qeyri-insani rəftar edib


Göyçayda YAP-ın təlimatçısı bir qurup şəxslə 17 yaşlı gəncə qeyri insani rəftar ediblər.

7gun.org xəbər verir ki, bu haqda əslən Göyçay rayonundan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Hüquq müdafiəçisi bildirib ki, quldurluğa meyl edən YAP üzvü Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur:

"Göyçay rayonunda mağaza müdiri, həm də YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan "Şirvan" kanalının yanına aparıb. Orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib. Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur. Odur ki, arxayınçılıqdan qanun-filan tanımır. Düşünürəm ki, 2 dəfə adam oğurluğu və hədə-qorxu ilə tələb etməyə görə öz kimliyini və niyyətini nümayiş etdirən Laçın İsmayılova layiqli yerini hüquq-mühafizə orqanları göstərəcək".