"Adi kriminal hadisəsi baş verib"-Əli Həsənov
Ölkə rəhbərliyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı dünənki sui-qəsdi adi kriminal kimi qələmə verməyə çalışır. Belə ki, ölkənin baş ideoloqu Əli Həsənov bildirib ki, "adi kriminal hadisəsi baş verib" və "narahat olmağa dəyməz".Hakimiyyət ölkənin ikinci böyük şəhəri Gəncədə əhalinin şəhər rəhbərinin kobudluğundan, özbaşınalığından narazı olduğunu görmək istəmir, ya da görməzlikdən gəlir.
Məğrur və ləyaqətli gəncəlilər çoxdandır ki, E.Vəliyevdən narazılıq edirlər. O, insanları açıq şəkildə təhqir edir, onların əmlak hüquqlarını pozur, şərəf və ləyaqətini alçaldır.
Bu cür davranış dövlət başçısının qaydalarına kəskin ziddir. Belə ki, ölkə başçısı dəfələrlə dövlət məmurlarını vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırıb, özlərini kobud və məsuliyyətsiz aparanların cəzalandırılacağını bildirib.
"Niyə İlham Əliyev Elmar Vəliveyin özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa İlham Əliyev bunları formal olaraq deyir?", - gəncəlilər şikayət edirlər.
Adının açıqlanmasını istəməyən sakinlərdən biri Turan-a bildirib ki, E.Vəliyevə qarşı sui-qəsdin səbəbi onun vətəndaşlarla kobud davranışı səbəb olub. Belə ki, bir müddət öncə yerli sakinlərdən biri öz problemi ilə bağlı ona müraciət edib. E.Vəliyev çığırıb- bağırıb, söyüş söyüb və hamilə qadını otaqdan qovub. E.Vəliyevə və onun mühafizəçisinə atəş açan həmin qadının qardaşıdır.
Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, E.Vəliyevlə baş verənlər tez ya gec olacaqdı.
Əgər hakimiyyət bundan nəticə çıxarmasa, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər.