AXCP-nin həbsdə olan üç funksioneri ''karsa'' salınıb


'Cəzanın hansı səbəbdən verildiyi bilinmir''

Kürdəxanı təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli 3 sutkalıq cərimə təcridxanası (“kars”) cəzası alıblar.

Məlumatı Meydan TV-yə Babək Həsənovun qardaşı Qüdsi Həsənov verib.

Qüdsi Həsənov AXCP üzvlərinin hansı səbəbdən cəzalandırıldıqlarını bilmədiyini, amma araşdırdığını söyləyib.

Meydan TV-nin olayla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin münasibətini öyrənmək cəhdi baş tutmadı.

AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli mayın 25-də həbs olunub. Onlar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmovla birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar.

İddia olunur ki, S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar.

AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Əli Kərimli deyib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. S.Rüstəmov ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.

Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.