"Rayonda korrupsiya və özbaşınlıq artır" - Hacıqabulda
"Son illər dövlət büdcəsindən regonların iqtisadi inkişafı proqramı çərçivəsində ən çox maliyyə vəsaiti ayrılan rayonlardan biri də Hacıqabuldur. Bu rayonun iqtisadi inkişafı əsasən sənaeyi və kənd təsərrüfatı sahələri üzrə olsa da, görünən odur ki, ortada ciddi bir nəticə yoxdur".7gun.org xəbər verir ki, bunu Qlobal.az-a ünvanladıqları müraciətdə rayon sakinləri qeyd ediblər.
Onlar deyirlər ki, rayona 2006-ci ilin mart ayından Əhməd Muxtarov rəhbərlik edir. 12 ildir ki, rəhbərlik etdiyi rayonda heç bir uğura imza ata bilməyən Muxtarovla bağlı son illər narazılıqlar da artır.
Rayon sakinləri ölkə başçısına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıblar: "Xüsusən də pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqlar və ayrılan maliyyə vəsaitləri ünvanı üzrə xərclənmədiyi və ya səmərəsiz xərcləndiyi üçün bu sahədə də heç bir nailiyyət əldə olunmayıb. Hətta 07 sentyabr 2018-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda "Pambıqçılığın inkişafı məsələləri”nə dair keçirilmiş respublika müşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar "Sahələrin məhsul yığımına hazırlanması və yığımın təşkili” mövzusunda rayon müşavirəsi də problemlərin aradan qaldırılmasına kömək etməyib".
"Heç bir uğurlu nümunə yoxdur"Sakinlər deyirlər ki, həmin tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da iştirak edib və ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, pambıqçılıqla yanaşı baramaçılığın və heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb: "Müşavirədə çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Respublika Bitki Mühafizə mərkəzinin rəisi Damət Sultanov, "Aqrolizinq” ASC, "MKT İK” və "P Agro” MMC-lərin rəhbərliyi pambıqçılığın inkişaf perspektivləri haqqında, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumat veriblər. Bu rəsmi xəbəri tirajlayan və işini bununla bitirən İcra Hakimiyyəti və yerli qurumlar bu günə qədər olan nəticələrdən və uğurlardan danışa, eyni zamanda ortaya inkişaf adına heç bir uğurlu nümunə qoya bilməyiblər".
"Rayonda korrupsiya və özbaşınlıq artır"Bütün bunların əvəzində Əhməd Muxtarovun adı müxtəlif qalmaqallarda hallanıb: "Bu hadisələrin qısa xronikasına diqqət etsək, Hacıqabulla bağlı problemlər əsasən də korrupsiya, məmur özbaşınalığı və iqtisadi geriləmələrin olduğu aydın ortaya çıxar. Maraqlı məqam odur ki, bu məlumatların əksər hissəsi əsasən aidiyyatı dövlət qurumlarının apardığı yoxlamalar və müşahidələrə, həmçinin rayon icra hakimiyyətindən sızdırılan məlumatlara əsaslanır. İllər öncə mediada sakinlər iddia edirdilər ki, 68000 nəfər əhalisi olan rayona rəhbərlik edən Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib".
Sakinlər bildirirdilər ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda "at oynadır". Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər.
"Az qala qəbulu da pulla ediblər"
Digər bir məlumatda isə deyilirdi ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: "Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu "100-lük Tariyel" kimi tanıyırlar. O, qəbula gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir. Bu məlumatlar da təkzib olunmadı və İcra Hakimiyyəti üstündən 5-6 il keçməsinə baxmayaraq, iddialara cavab verməyi əsassız saydı.
"Hacıqabulu kimlər idarə edir və 400 min manat vəsait hansı şirkətə köçürülüb?"2018-ci ilin mart aydında fia.az-a şikayət edən sakinlər bildirirdilər ki, Hacıqabulu icra başçısın köməkçisi Afiq Kərimov və mətbuat katibi Əsabil Məmmədov idarə edirlər: "Məhz onların "uğurlu idarəçiliyi" nəticəsində rayonda tam bir özbaşınalıq hökm sürür. Hətta vəziyyət o həddə çatmışdı ki, təhsil işçiləri də pambıq yığımına cəlb edilmişdi. Bundan başqa, Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib".
Sayt yazıb ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı, Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyəti də aiddir.
Əhməd Muxtarovun dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsaitini Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirdiyi iddia olunurdu.
Bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. Amma faktiki olaraq heç bir iş görülməyib. Əvəzində rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl tökülüb.
Sakinlər iddia edirlər ki, Muxtarovun 12 illik "səmərəli" fəaliyyəti bununla bitmir. Belə ki, rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir: "Son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. Bunların da əsasən yerli məmurlara məxsus olduğu iddia olunur".
"Bu, Əhməd Muxtarovun tarixə münasibətidir"2018-ci ilin may ayında Muxtarovun adı Hacıqabul rayonunda inşa edilmiş Türk Şəhidliyinin lövhələrini sökməklə gündəmə gəldi. Bu barədə isə Musavat.com saytı məlumat yaydı.
Məlumatda qeyd olunur ki, 1918-ci ildə Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələrək Azərbaycan xalqını erməni-bolşevik zülmündən qurtaran Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin şərəfinə inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.
"Hadisənin nəyə görə, hansı səbəbdən baş verdiyi isə açıqlanmadı. İcra Hakimiyyəti bu məlumatı da cavablandırmağa "özünə rəva görmədi". Halbuki Hacıqabul rayonunda Türk şəhidliyi Azərbaycan tarixinin ən parlaq bir səhifəsini özündə ehtiva edir. Lövhə 2017-ci ilin 31 mart tarixində açılıb. Həmin zaman Qubalı-Baloğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycan səfir Erkan Ozoral, hərbi ataşe general Zəfər Ocak, Hacıqabul icra başçısı Əhməd Muxtarov, səfirlik işçiləri və kənd sakinləri qatılıb", - sakinlər yazırlar.
"Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - həmin dövrün şahidi olmuş Hənifə Mövlayev, adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Bu da Muxtarovun tarixə münasibəti idi, - sakinlər qeyd edirlər.
Nazirlər Kabineti və Hesablama Palatası nə deyir?Daha ciddi bir məlumatı isə bir ay öncə gündəmə gəldi. 2018-ci ilin avqust ayında dia.az saytı Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat verib ki, Hacıqubul RİH başçısı rayona ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verib.
"Təxminən 400 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Əhməd Muxtarov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir", - sayt yazıb.
"Amma İcra Hakimiyyəti və Muxtarov bu məlumata münasibət bildirməyib və ya əsaslandırılmış heç bir arqument ortaya qoya bilməyib. Görünür, Muxtarov Nazirlər Kabinetinə qarşı çıxmağın nə qədər ağır olduğunun fərqinə varıb. Çünki dəfələrlə Hesablama Palatasının da rayondakı "hesablamaları" da Muxtarovun idarəetmə fəlsəfəsinə güzgü tutub. Rəqəmlər və yeyintilər, maliyyə maxinasiyaları ortadadır..."
Bütün bunlar isə Hacıqabul rayonunda baş verən problemlərin cüzi bir hissəsidir. 12 ildir ki, rayonu idarə edən Muxtarovun və komandasının ölkənin kənd təsərrüfatı və sənaye mərkəzlərindən birinə çevrilən bir rayonu hansı hala gətirdiyi göz önündədir. Yəqin ki, sakinlərin çoxsaylı şikayətləri ölkə başçısı tərəfindən qiymətləndirilərkən bu nüanslar da diqqətdən kənarda qalmayacaq.
Süleyman İsmayılov Bu ilin fevral ayının 14-də Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2017-ci ilin yekunları ilə bağlı yazdığı məqalədə də Hacıqabul rayonundan Prezident Administrasiyasına ünvanlanan şikayətlərin artdığını qeyd edirdi.
Şikayətlə bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti heç bir münasibət bildirməyib.