Şəmkirdə şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısında konsert proqramı təşkil edilib
Şəmkirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında konsert proqramı təşkil edilib, sakinlərə energetik içkilər paylanılıb.7gun.org-ın məlumatına görə, rayon sakinləri adından AzEuroNews.com-un elektron poçtuna göndərilən məktubda qeyd edilir ki, abidə önündə "BURN” energetik içkisinin palatkası qurulub. "DJ” diskoteka mahnılarının sədaları altında yoldan keçənləri əraziyə səsləyib. Daha sonra reklam məqsədi ilə onlara energetik içkilər paylanılıb.
Bu olay rayon sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Bir qrup sakin "BURN” şirkətinin təmsilçilərinə öz etirazını bildirib, 20 Yanvar şəhidlərinin abidəsi önündə konsert verməyin şəhidlərimizi təhqir etmək olduğunu söyləsələr də, bunun bir xeyri olmayıb. Sözügedən şirkət konsertinə davam edib. Təşkilatçılar sakinlərə bildiriblər ki, konset proqramı Şəmkir Rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Sakinlər bundan sonra rayon icra hakimiyyətinin qarşısına toplaşaraq icra başçısı Alimpaşa Məmmədovla görüş tələb edilər. Narazı sakinləri icra başçısının müavini qəbul edib və deyib ki, konsert şəhidlər xiyabanında yox, sadəcə parkda onların adına ucaldılan abidənin qarşısında keçirilib.Sakinlərin sözlərinə görə, "BURN” şirkətinə bu şəraiti Alimpaşa Məmmədovun sağ əli Qüdrət Əliyev yaradıb.Sakinlər bizə yazdıqları məktubda rayonlarındakı bu biabırçılıqla bağlı prezident İlham Əliyevə şikayət məktubu yazaraq yolladıqları da qeyd ediblər.
Mövzu ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.