"Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq" - qəsəbə sakinləri
Onlar iddia edirlər ki, subartezian quyusu dayaz vurulduğundan su xətti ilə axan su duzlu və qurdludur"Qəsəbədə subartezian quyusu var, ancaq o qədər dayaz vurulub ki, su duzlu və qurdlu gəlir. Ona görə də suyu pulla almalı oluruq”.
7gun.org xəbər verir ki, Ağdamın Dördyol qəsəbəsinin sakinləri Meydan TV-yə danışırlar ki, içməli su problemləri var. Deyirlər, bu qəsəbədə subartezian quyusu olsa da, vurulan su içməyə yararlı deyil. Qəsəbə sakinləri səbəbi onunla izah edirlər ki, vaxtilə subartezian quyusu dərin vurulmayıb və suyun mənbəyi dayaz olduğundan duzlu, qurdlu su çıxır.
Su maşını Tərtərdən gəlirQəsəbə sakini Sarvan Qəmbərov: "Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq. Hər dəfə eşidəndə ki, su maşını gəlib, hərə əlinə bir neçə suqabı alıb qaça-qaça su almağa gedir. Su maşınının yanında uzun-uzadı növbə olur. Həftədə iki dəfə su alırıq. Su xətti ilə axan suyu isə yalnız məişətdə istifadə edə bilirik. Şikayət edirik, yoxlama gəlir, su idarəsinin işçiləri gedib Tərtərdən su gətirib göstərir, tərkibinə baxıb deyirlər, içməyə yararlıdır, sakinlər yalan danışır. Su İdarəsinin rəhbərliyi şikayətçi sakinləri məhkəməyə verəcəyi ilə hədələyir”.
Qəsəbə sakini Şahin Əsədov: "Əgər suyu pulla alacaqdıqsa, o boyda xərci niyə çəkib subartezian quyusu qazıblar? Su kranlarından duzlu və qurdlu su axır, istifadə edə bilmirik, əvəzində hər ay bizdən supulu yığılır. Halbuki, aylıq içməli su tələbatımızı su maşınları ilə ödəyirik, onlara da ayrıca pul xərcləyirik. Hökumət bizi ya supuludan azad eləsin, ya da normal su versin. Bizim elə imkanımız yoxdur ki, iki yerə supulu ödəyək. Heç kəs işləmir, hərəsinin bir çətən ailəsi, uşağı var, əlimizə düşən pulu heç ərzağa çatdırmırıq”.
Suyun tərkibi içməyə yararlıdırAğdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycanda su layihəsi həyata keçirən "Japan Tobacco International” (JTI) şirkəti ötən il Dördyol qəsəbəsinin içməli su təminatını da gerçəkləşdirib. Şirkət bu layihəni Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirib. Əhalisinin sayı 5 min civarında olan qəsəbədə subartezian quyusu qazılıb, içməli su problemi kökündən həll olunub. Hazırda qəsəbə sakinləri keyfiyyətli içməli su ilə təmin olunur.
Sakinlər iddia edirlər ki, eyni problem Ağdam, Təzəkənd, Kürdlər qəsəbələrində də var.Ağdam rayon Sukanal İdarəsindən isə sakinlərin dedikləri təkzib olunur. İdarədən bildirilib ki, qəsəbələrə verilən içməli su vaxtaşırı laboratoriyalarda yoxlanılır və içməyə yararlı kimi qiymətləndirilir.