"Yararsız çirkli suyu öz xalqına satmaq el-obaya qarşı düşmənçilik deyilmi?"- Ağsudan şikayət var


Ağsu rayonuna verilən içməli suyun xəstəlik mənbəyi olması ilə bağlı Sozcu.az saytına müraciət ünvanlanıb. 7gun.org-ın məlumatına görə, müraciət edən Ağsu rayon sakini bildirir ki, Ağsu sakinlərinə verilən su nəinki içməyə, heç bağ sulamağa belə yaramır.

[b]Həmin müraciəti olduğu kimi təqdim edirik: [b]

Prezident İlham Əliyevin Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində Ağsu rayonuna ayırdığı külli miqdarda vəsait rayon rəhbərliyi tərəfindən tam başqa istiqamətə xəriclənmişdir. Belə ki, rayon rəhbərliyi vəsaitin böyük bir hissəsini mənimsəyərək, Ağsu rayonunu normal su ilə təmin etmək əvəzinə rayona içməyə yararsız su çəkərək insanların çox ciddi xəstəliklərə düçar olmalarına səbəb olub.

Ağsu rayonuna çəkilən içməli su heç də içməli su deyildir. Bizim içməyə məcbur olduğumuz su nəinki insanların, hətta heyvanların təlabatını ödəmək üçün yaramır. Siz təsəvvür edin ki, içməyə məcbur olduğumuz su ilə həyəti suladıqda ağaclarımız quruyur. Həyətlərimizdə olan su quyularının üzəri mənşəyi məlum olmayan mamırlarla örtülüb. Bu yararsız suyun Ağsu rayonuna çəkilməsindən sonra rayonda böyrək xəstəliyinə tutulmayan, oynaqlarında problem yaranmayan bir nəfər də olsun adam tapa bilməzsiniz. Ağsu rayon sakinlərini göz görə-görə məhvə sürükləmək rayonun icra başçısı Ənvər Seyidəliyevin nəyinə lazım idi!? Bəyəm pul insan üçün elinin -obasının insanlarından bu qədərmi yüksəkdə dayanır ki, bu zəhərli suyu xalqa içirdirlər? Belə yararsız çirkli suyu öz xalqına satmaq el-obaya qarşı düşmənçilik deyilmi!?

Diqqətinizə çatdırım ki, Ağsu rayonuna verilən suyun tərkibinə xlor vurulması nəzərdə tutulsa da, əlavə xərc çəkməmək üçün suya xlor vurulmur. Ağsu rayonunda 3 ədəd su anbarı var, özünün gəlib araşdırma aparsanız görəcəksiniz ki, su anbarlarının heç birinə xlor vurulmur və anbarların heç birində təmizləyici vasitələr yoxdur.

Sizdən artıq dərəcədə xahiş edirik ki, Ağsu rayon sakinlərin durumunu dövlətimizin zirvəsində olanlara çatdırın. Əgər rayona verilən bu yararsız suyun qarşısını tezkən alıb, Ağsunu keyfiyyətli su ilə təmin etməsələr, rayon sakinləri arasında kütləvi xəstəliklər artaraq çox pis nəticələrə səbəb olacaq.