"Özünü təqdim etməyən şəxslər Xalid  Bağırovun təbliğat-təşviqatına mane olub"-Zahid Bağırov


76 saylı Lənkəran-Astara seçki dairəsindən deputatlığa namizəd, hüquqşünas Xalid Bağırova təzyiqlər davam edir.

7gun.org xəbər verir ki, bu barədə Toplum TV-yə namizədin seçki qərargahından Zahid Bağırov məlumat verilib.

Məlumata görə, Lənkəranın Şıxakəran kəndinə "42-BP-680” nömrə nişanlı avtomobildə gələn şəxslər Xalid Bağırovun komandasının təşviqat aparmasına problem yaradıblar: " Avtomobildən düşüb özünü təqdim etməyən şəxslər Xalid  Bağırovun təbliğat-təşviqatına mane olub, təşviqat qrupuna təzyiq ediblər”.

Qeyd olunan avtomobilin Şıxakəran kənd icra nümayəndəsi Əlizamin Əliyevə məxsus olduğu deyilir. 

76 saylı Lənkəran-Astara seçki dairəsindən telefonlara cavab verilmədiyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

İcra nümayəndəsi Əlizamin Əliyev Toplum TV-yə deyib ki, vətəndaşlar narazılıq etdiyinə görə onlara  xəbərdarlıq edib: "Maşın mənə məxsus deyil, amma həmin gün mən idarə etmişəm. Maneçilik də olmayıb. Sadəcə məsələ belə olub ki, üzü saqqallı tanınmayan bir şəxs, vəsiqəsi olmadığı halda camaatın həyətinə girib və təşviqata görə flayer paylamağa başlayıb. Camaat deyib ki, bu adamın özünün nə bir təqdimetmə sənədi olub, nə də ki boyundan taxılan lövhəciyi olub. Mən də, sadəcə, xəbərdarlıq etmişəm".

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.