Qiymətlər od tutub yanır-İTV-də


Yanvarın 17-dən Azərbaycanda növbədənkənar parlament seçkiləri üzrə seçki kampaniyası başlayır.

7gun.org Turan.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinə görə, İTV-də təşviqat üçün pulsuz efir vaxtı 60-dan çox seçki dairəsində namizədləri qeydiyyata alınmış partiyalara və partiyalar blokuna verilir.

Həmin subyektlər aşağıdakı dövlət qəzetlərinin səhifələrində pulsuz yer ala bilər: “Azərbaycan”, “Xalq”, “Respublika” və “Bakinskiy raboçiy”. Bütün digər namizədlər KİV-də ancaq pullu əsaslarla təşviqat apara bilər.

Qeyd edək ki, İTV istisna olmaqla heç bir televiziya pullu təşviqat üçün efir vaxtı ayırmaq istədiyini bildirməyib.

İTV-də siyasi reklamın bir saniyəsi vaxtdan asılı olaraq 22-65 manata, ictimai radioda isə 7-25 manata başa gələcək.

Müşahidəçilərə görə, təkcə hakim Yeni Azərbaycan Partiyası 60-dan çox dairədə namizədlərini qeydiyyata aldıra biləcək.

Müsavat Partiyasının sədri Arif Hacılı pullu efirin vaxtının qiymətini bu təşkilatdan olan namizədlər üçün çox yüksək və əlçatmaz adlandırıb.

M.Hacılının sözlərinə görə, Müsavat Partiyası MSK-ya müraciət edərək hər namizədə 10 dəqiqəlik efir vaxtının verilməsini və debatların təşkil olunmasını xahiş edib.

Bundan əlavə, partiya seçkiqabağı debatlar üçün həftədə üç dəfə efir vaxtı ayırmağı təklif edir. Ancaq cavab yoxdur.

Müsavat Partiyası efirə çıxış imkanları olmadıqda plakatların yayılmasına, vətəndaşlarla ünsiyyətə və sosial medianın imkanlarına üstünlük verir.

REAL Partiyasının icraçı katibi Natal Cəfərli də İTV-nin pullu təşviqat üçün qiymətlərini əlverişsiz hesab edir.

“Bahalı siyasi reklam, sadəcə, bahalı deyil. “Siyasi senzura” problemi də var”, - N.Cəfərli deyib.

Media hüququ sahəsində ekspert Ələsgər Məmmədli siyasi reklamın kommersiya reklamından 15 dəfə baha olmasını anormal vəziyyət adlandırıb.

İTV praym-taymda 1 dəqiqə üçün 4602 manat müəyyən edib. Bunu alternativ fikirlərin efirə çıxmasının qarşısını almaq cəhdi kimi qəbul etmək olar”, - Ə.Məmmədli vurğulayıb.