"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər"-Li Litzenberqer


“Azərbaycan tərəfinin növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün ATƏT-ə dəvət göndərməsini alqışlayıram".

7gun.org Amerikaninsəsi radiosuna istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakıi səfiri Li Litzenberqer jurnalistlərə bildirib.

Səfir yeni parlamentdə daha çox qadının, o cümlədən sahibkar-qadınların olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, azad və demokratik seçkilər ölkəni irəliyə apara bilər.

"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər. Ona görə hökumətdən gözləntimiz həm beynəlxalq, həm də yerli müşahidəçilərə tam şəraitin yaradılması və onların dəstəklənməsidir."

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanın beşinci çağırış Milli Məclisi buraxılıb. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərarda deyilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.

Dekabrın 2-də “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Məlumata görə, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.

Əslində Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən ReAL, Msavat və daha bir neçə partiya növbədənkənar parlament seçkilərinə qatılıb. Milli Şura isə seçkiləri boykot edir. Onlar bu qərarlarına səbəb kimi qeyd ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü minimum imkanlar belə yoxdur.