"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı
İdarəetmə sistemində baş verənlər islahat deyil, ixtisardır. REAL Partiyası Məclisinin sədri Azər Qasımlı dövlət idarəçiliyinin təkmilləşdirilməsi barədə ölkə prezidentinin fərmanını şərh edərkən bildirib.
O, Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində deyib ki, bu ixtisarlarla büdcə xərclərini ciddi şəkildə azaltmaq mümkün olmayacaq. O həmçinin əhaliyə xidmət baxımından mühüm yaxşılaşma gözləmir, çünkü dəyişikliklər dərin xarakter daşımır.
"Məsələn, AzTV-nin rəhbərini dəyişdilər. Amma AzTV-yə yeni rəhəbər gələndən sonra o, hakim ailəni reklam etməyəcəkmi? Təbii ki, edəcək. Ölkədə daha ciddi dəyişikliklər, islahatlar olmalıdır ki, bunlar baş verməsin", - A.Qasımlı qeyd edib.
REAL hesab edir ki, Azərbaycan ilk növbədə parlament respublikası olmalıdır. Parlament azad və ədalətli seçkilər nəticəsində formalaşmalıdır. Nazirlər siyasətiçilərdən ibarət olmalıdır, nazirliklərn sayı azaldılmalıdır.
"Bu gün Azərbaycanda 40-dan çox nazirlik, komitə və agentlik var. İlham Əliyev onların sayını azaltmaq istəyir? Mən buna şübhə edirəm. REAL Azərbaycana kiçik və effektiv hökumət modelini gətirmək istəyir. Biz elektron hökumət modelini təklif edirik", - A.Qasımlı bildirib.
REAL-ın təklif etdiyi islahatların fəlsəfəsi azad seçki imkanlarını nəzərdə tutur.
A.Qasımlının fikrincə, orduda ciddi islahatlar aparmaq lazımdır. Gənclərə seçim imkanı vermək lazımdır ki, kim orduda xidmət etmək istəyirsə (buna görə çox yaxşı məvacib də almalıdır) xidmət etməlidir. Kim akademik fəaliyyətlə məşğul olmaq istəyirsə olsun, kim bizneslə məşğul olmaq istəyirsə, ona azad mühit yaradılmalıdır. Yəni, bütün bu oliqarxiyalar, monopoliyaların hamısı aradan götürülməlidir.
"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s. Siyasi sistem deyəndə təbii ki, həm məhkəmə, həm qanunvericilik, həm seçki sistemi, həm də idarəetmədə islahatlar olmalıdır", - A.Qasımlı vurğulayıb.