"Normal cəmiyyətlərdə namizəd dərhal istefa verərdi"-Ekspert
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyev rəqibi, bloger Mehman Hüseynovla görüşdüyünü və namizədliyini geri götürməsini təklif etdiyini təsdiqləyib. Ancaq pulu rüşvət kimi deyil, müalicəyə kömək üçün təklif edib.7gun.org-ın məlumatına görə F.Quliyev “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə təsdiqləyib ki, o, həqiqətən M.Hüseynova öz namizədliyini geri götürməsini və səlahiyyətli nümayəndə olmasını və gənclər təşkilatında təmsil olunmasını təklif edib.
Söhbət əsnasında bloger səhhətindəki problemlərdən və ayağındakı “şişkinlik”dən şikayətlənib. Buna görə F.Quliyev ona müalicə üçün pul təklif edib.
F.Quliyev əlavə edib ki, söhbət 45 dəqiqə davam edib, ancaq M.Hüseynov 5-6 dəqiqəlik montaj edilmiş yazı dərc edib.
Azərbaycan MSK audioyazının yayımlanması ilə bağlı hələ şərh verməyib.
Bu faktı şərh edən ekspertlər hesab edirlər ki, fakt cinayət tərkibi əlamətinin olub-olmaması ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Seçki Məcəlləsinə görə, namizədin seçkidə iştirakına hər hansı şəkildə müdaxilə etmək, namizədə təzyiq göstərmək, onu hansısa təkliflərlə ələ almaq qadağandır. Bu fikri Demokartik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, MSK-nın keçmiş üzvü Akif Qurbanov söyləyib.
Onun fikrincə, indiki halda M.Hüseynov Dairə Seçki Komissiyasına (DSK) müraciət etməlidir. DSK baş verən pozuntuda cinayət tərkibi ehtmalını nəzər alarsa o zaman həmin şikayət üzrə faktlar prokurorluğa göndərilməlidir.
Müalicə üçün yardıma gəlincə, əgər təklifin arxasında tələb varsa, bu, qanunaziddir. Odur ki, namizəd Fərəc Quliyevin qeydiyyatının ləğvi üçün əsas var.
“Normal cəmiyyətlərdə namizəd dərhal istefa verərdi. Təəssüf ki, Azərbaycan cəmiyyətində belə bir təcrübə hələ ki oturuşmayıb”,- A.Qurbanov deyib.
Hüquq sahəsində digər ekspert Ələsgər Məmmədli CM-in 312-1.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini görür. Bu, “şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə maddi və digər güzəştlər, imtiyazlar və ya imtiyazlar verilməsi üçün məsuliyyət tədbirlərini nəzərdə tutur. Ə.Məmmədli qeyd edbi ki, 308.2-ci maddəyə görə, deputatlığa namizəd “vəzifəli şəxs” kateqoriyasına aid edilir.
Ə.Məmmədli hesab edir ki, açıqlanan audioyazı prokurorluğun araşdırma aparması üçün əsasdır. Ə.Məmmədli hesab edir ki, MSK F.Quliyevin qeydiyyatını ləğv etməlidir, çünki onun özü də görüş və rəqibinə pul təklif etməsi faktını inkar etmir.