Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib


Bakının Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində sürücü ilə yol polisi əməkdaşları arasında insident baş verib.

Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Vaqif Əsədov bildirib ki, insidentə səbəb "QAZ-31" markalı, "10-NR-899" dövlət nömrə nişanlı avtomobilin yük daşıma qaydasını pozulması olub. Maşının üstündə 12 metr uzunluğa malik tikinti materialı - armatur daşıdığı üçün yol polisi əməkdaşları sürücünü saxlayıb. Avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb.

Sürücüdən müvafiq sənəd tələb edilib, sürücünün içkili olub-olmaması üçün tibbi müayinədən keçməsi təklif olunub. Amma sürücü imtina edib, avtomobilin baqajından plastmas qabdakı benzini çıxararaq, özünü yandırmağa cəhd edib.

Polis əməkdaşları kibriti onun əlindən alıb, o, alışqan çıxararaq özünü yandırıb. Polis əməkdaşları sürücünün üst geyimini çıxarıb onu Respublika Yanıq Mərkəzinə çatdırıb.

Öz növbəsində, Səhiyyə Nazirliyindən bildiriblər ki, sürücü reanimasiyaya yerləşdirilib.

Qeyri-rəsmi məlumatlara görə, özünü yandırmağa cəhd edən sürücü Kamil Məhərrəmov adlı şəxsdir.