Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir


Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bir sıra güneyli fəalın ailələri onların saxlanmasına etiraz olaraq Təbriz məhkəməsindən fəalların durumundan məlumat almaq istəyib.

7gun.org xəbər verir ki, Amerikanın Səsinin əldə etdiyi məlumata görə, uzun müddətdir həbsdə saxlanılan güneyli fəalların sayı 30-dan çox olan ailələri, fəalların uzun müddət heç bir açıqlama verilmədən saxlanılmasına məhkəməyə etiraz edib. Məhkəmə məmurları saxlanılan türk fəalların ailələrinə “dosyeləri təkmilləşdirilmədiyinə görə heç bir məlumat verə bilmirik” -deyə, cavabı verərək onları məhkəmə binasından qovub.

Fəalların ailələri rəsmilərdən Məhkəmə işinin tamamlanması və saxlanma müddətinin təyin edilməsini tələb etsələr də, məhkəmə rəsmiləri qəti cavab verməkdən imtina ediblər. Ailələrin israr etməsindən sonra məhkəmə məmurları onları binadan xaric edib.

Əldə edilən məlumata görə, saxlanılan fəal Əkbər Mühaciriyə təhlükəsizlik hissəsi nəzarətində olduğu üçün görüşmə qadağası tətbiq edilir. Həmin milli fəalın ailəsi də onun səhhətindən narahatlığını bildirib.

Ailələr arasında sadəcə Ruzbeh və Yaşar Pirinin ailəsi təsadüfi olaraq onları qarşılamağa nail olub. İki fəal məhkəməyə gətirildikləri zaman ailələri onlarla görüşə bilib. Bu iki fəala qarşı beş fərqli ittiham irəli sürülüb. Onlara qarşı ölkənin təhlükəsizliyini pozmağa çalışan qruplara üzv olmaq, rejimə qarşı müxalif qrupların lehinə təbliğat aparmaq, "milli təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplantı təşkil etmək, vəzifəsini yerinə yetirərkən dövlət məmuruna baş qaldırmaq və ictimai asayişi pozmaq kimi ittihamlar irəli sürülüb.