Fəalların mobil telefonları və sənədləri qaytarılmır
Ötən ay, yəqin ki, son bir neçə il ərzində istənilən növ etiraz aksiyalarının və mitinqlərin keçirilməsi nöqteyi-nəzərdən ən səmərəli ay olub. Buna uyğun olaraq cərimələrin, polis bölmələrinə çağırılmaların və inzibati həbslərin sayı da artıb.
Demək olar ki, bütün aksiyalar həbsdə olan bloger Mehman Hüseynovun müdafiəsi üçün keçirilib. Ötən ay ona qarşı cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı irəli sürülüb. Hüseynovun yalan ittihamlara etiraz əlaməti olaraq ictimaiyyətə ünvanlanmış bəyanatı gəncləri hərəkətə gətirib, onlar həm virtual, həm də razılaşdırılmamış aksiyalar taktikasına keçiblər.
Belə etiraz aksiyalarından biri yanvarın 6-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında keçirilib. Aksiya başlamadan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb, bəzi iştirakçılar saxlanılıb. Onlardan üçü - jurnalist İsmayıl İslamoğlu, Qoşqar Əhmədov və Mete Türksoy məhkəmə tərəfindən 20 gündən 25 günədək inzibati həbs cəzalarına məhkum ediliblər.
Amma həbs edilmiş fəalların müsibətləri bununla bitməyib. Onar azad edildikdən sonra həbs zamanı əllərindən alınmış mobil telefonlarını ala bilməyiblər. İsmayıl İslamoğlunun sözlərinə görə, onlar Yasamal rayonu 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar: "Həbs edilərkən bütün əşyalarımızı əlimizdən alıblar, biz indiyədək onları ala bilməmişik. Telefonlarımız və sosial şəbəkələrdəki hesablarımız sındırılıb. Xüsusən, həbsimin dördüncü günündə mənim telefonum aktiv olub, bütün mesajlar oxunulub", deyə jurnalist qeyd edib.
O əlavə edib ki, dəfələrlə "102" xidmətinə müraciət etməsinə baxmayaraq, indiyədək nəticə yoxdur: "Bizi zəng edəcəkləri bəhanəsi ilə göndərirlər, amma zəng etmirlər və heç nə demirlər. 28-ci polis bölməsindən bizə bildiriblər ki, telefonlarımızı Daxili İşlər Nazirliyinə aparıblar. Bildirmək istəyirəm ki, mənim telefonumla hansısa əməllər törədilsə, buna görə mən məsuliyyət daşımıram".
Qoşqar Əhmədov da Turan-a bildirib ki, mobil telefonu ilə yanaşı, həbs edilərkən əlindən alan sənədləri də qaytarılmır.
Mete Türksoy öz növbəsində bildirib ki, azadlığa çıxdıqdan sonra izlənildiyini hiss etməyə başlayıb.
28-ci polis bölməsinin növbətçi hissəsindən Turan-a bildiriblər ki, söhbətin nədən getdiyini bilmirlər. Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.