Freedom House Azərbaycan hakimiyyətinə çağırış edib


7gun.org-ın Turan.az-a istinadən məlumatına görə Bakıda dinc mitinqlərin polis tərəfindən yatırılmasına cavab olaraq Freedom House hüquq müdafiə təşkilatı bəyanat verib.

"Ötən həftə sonu Azərbaycanda dinc etirazçılara qarşı amansızca güc tətbiq edilməsi hökumətin hər cür fikir ayrılığına dözmək istəməməsini, söz və sərbəst toplaşmaq azadlıqlarını təmin etməməsini göstərir", deyə Freedom House təşkilatının Avropa və Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib.

"Dinc toplaşmaq hüququndan istifadə edən vətəndaşlara qarşı tətbiq olunan zorakılıq Azərbaycanın daxili qanunlarına və beynəlxalq öhdəliklərinə açıq şəkildə ziddir.

Müxalifət fəallarının və şəxsən zorla saxlanılması yerli mətbuat tərəfindən videoya çəkilən Əli Kərimlinin və polisdə saxlanılarkən işgəncəyə məruz qoyulan Tofiq Yaqublunun qarşılaşdığı amansızlıq hökumətin vətəndaşlarının əsas hüquqlarını qorumaq öhdəliklərini kobud şəkildə rədd etdiyini nümayiş etdirir.

Azərbaycan hakimiyyətini toplaşmaq azadlığını təmin etməyə, saxlanılan nümayişçiləri azad etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarını həddindən artıq güc tətbiq etdiklərinə görə məsuliyyətə cəlb etməyə çağırırıq", deyə bəyanatda bildirilir.

Freedom House bütün dünyada demokratik dəyişiklikləri dəstəkləyən, azadlıq vəziyyətini izləyən və demokratiya və insan hüquqlarının tərəfdarı olan müstəqil müşahidəçi təşkilatdır.