“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib
"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığı təşkilatı ötən gün "bastainfo.com" saytının redaktoru Mustafa Hacıbəylinin barəsində çıxarılmış hökmü pisləyib.
7 gün tv xəbər verir ki, təşkilatın bəyanatında M.Hacıbəylinin şərti olaraq 5,5 il azadlıqdan məhrum edilməsi "absurd" adlandırılıb.
M.Hacıbəylini hökumətin devrilməsinə çağırışlarda, sui-istifadə və vəzifə saxtakarlığında ittiham edən məhkəmə qərara alıb ki, əgər növbəti iki il ərzində o, yeni cinayətlər törətməsə həbs cəzası çəkməyəcək. Bu müddətdə məhkəmə nəzarətində olacaq və ona xaricə getmək qadağan edilib.
"Bastainfo.com" xəbərlər saytının redaktoru M.Hacıbəyli saytda dərc edilən məqalələrə görə həbs olunub. Məqalədə hələ iyul ayında Gəncə merinə sui-qəsddən öncə onun davranışları tənqid edilib və hakimiyyət növbəti zorakılıqların qarşısını almaq üçün müdaxilə etməməkdə ittiham olunub.
Həmin məqalələrə görə "bastainfo.com" saytı məhkəmə qərarı olmadan bağlanıb, baxmayaraq ki, digər kütləvi informasiya vasitələri o məqalələri daha öncə dərc ediblər.
M.Hacıbəylinin məhkəməsi zamanı ittiham tərəfindən təqdim olunan ekspertlər və şahidlər məqalələrdəki hansı hissələrin hökumətin devrilməsinə çağırışı əks etdirdiyini söyləyə bilməyiblər. Müstəqil ekspertlər onlarda belə çağırışların olmadığını bildiriblər.
Bağlanmış Criminalaz.сom saytının redaktoru Anar Məmmədovu da martın 12-də keçiriləcək məhkəmə prosesində analoji ittihamla 12 ilədək həbs cəzası gözləyir.
"Bu, absurd mühakimədir, sadəcə, Azərbaycanda qalan bir neçə mühüm tənqidçi KİV-in qorxudulmasıdır", - "Sərhədsiz Reportyorlar" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohann Bir deyib.
"Biz beynəlxalq birliyi bu repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə və yalnız mətbuat azadlığı və insan hüquqlarına hörmətlə yanaşılması şərtilə Bakıya maliyyə dəstəyi göstərməyə çağırırıq".
Azərbaycan 2018-ci üçün Dünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 163-cü yeri tutur. Aparıcı tənqidçi kütləvi informasiya vasitələri ya bağlanmağa məcbur olub, ya da xarici köçməyə. Əsas müstəqil veb-saytlar qapadılıb, ən azı on jurnalist hazırda həbsxanadadır, kütləvi informasiya vasitələrini dəstəkləyən KİV-lərin fəaliyyəti qadağan edilib. / 7 gün.tv /