F. Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs həbs edilib


Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiyi məlum olub.

"Ölkə.Az” xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova ötən ilin dekabr ayında Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb. Belə ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub.

Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Mehman və Baxşəlinin Paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin”,”Şarden”,”Səma”,”Play”,”Dalğa” və Nərimanov rayonunda "Atilla”,”Diana”,”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri məlum olub.

Mehman Həsənovun Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs kimi tanınıb. Belə ki, Fikrət Fərəməzoğlu onun Bakının müxtəlif ərazilərində çoxsaylı masaj salonları və "Antaliya" adlı əxlaqsızlıq yuvası işlətdiyini yazıb.

Bundan sonra Həsənov jurnalistdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət edib.

O bildirib ki, guya Fikrət Fərəməzoğlu onlardan hədə-qorxu yolu ilə rüşvət tələb edib.

2016-ci il iyunun 30-da günorta saatlarında Fikrət Fərəməzoğlu həbs edilib.

2017-ci il iyunun 14-də jurnalistə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmə jurnalistin cəzasının 1 ilini azaldaraq 6 ilə endirib.

Jurnalist ittihamı qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib. Amma buna baxmayaraq Fikrət Fərəməzoğlu 3 ilə yaxındır ki, həbsdədir.