AP-in deputatları Aİ-nı Azərbaycanla danışıqları dayandırmağa çağırıblar


7gun.org Turan.az-a istinadən xəbər verir ki, Avropa Parlamentinin Sosial-demokrat qrupu Avropa İttifaqı rəhbərliyini 19-20 oktyabr tarixlərində Bakıda kütləvi polis zorakılığından və Aİ missiyasının ünvanına iğtişaşlarda iştirak ittihamından sonra Azərbaycan hökuməti ilə danışıqları dayandırmağa çağırıb.

Bununla əlaqədar Sosial-demokrat qrupun xarici işlər üzrə vitse-prezienti Kati Piri deyib:

"Sonuncu zorakılıq Əliyev rejiminin Konstitusiyada nəzərdə tutulan söz, toplaşmaq azadlığına və beynəlxalq öhdəliklərə qarşı hiss etdiyi ikrah hissinin növbəti dəlilidir.

Bundan əlavə, zorakılıq dövlətin müxalifətə və vətəndaş fəallarına qarşı böhtan kampaniyası, o cümlədən öz peşə vəzifələrini yerinə yetirən Aİ diplomatlarına qarşı misli görünməmiş hücumla müşaiyət olunub.

Gender zorakılığına diqqət çəkmək məqsədilə dinc şəkildə toplaşan qadın fəallara qarşı repressiyalar Azərbaycan hökumətinin elan etdiyi gender bərabərliyinə sadiqliyin boş və riyakar olduğunu ifşa edir", deyə o qeyd edib.

Avropa Parlamentinin digər nümayəndəsi Tonino Pikula əlavə edib:

"Ali nümayəndə Federika Mogerinini və Avropa Komissiyasını Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqları Azərbaycan hökuməti əsas hüquqlara riayət etmək öhdəliklərini tamamilə yerinə yetirənə qədər dayandırmağa çağırırıq.

Azərbaycan hakimiyyəti, nəhayət, toplaşmaq azadlığına hörmət etməli, vətəndaş cəmiyyətinin dağıdılmasına son qoymalı və həbsdə qalan bütün dinc nümayişçiləri, hüquq müdafiəçilərini və ya siyasi məhbusları azad etməlidir", deyə o bildirib.