İqtidar sərbəst toplaşmaq azadlığını niyə təmin etmir?
Son vaxtlar ölkədə ictimai-siyasi fəallığın yüksəlməsi ilə paralel, iqtidar və müxalifət düşərgəsindən də təşəbbüslər artır. İqtidar öz ənənəvi idarəetmə konyunkturunu dəyişməyə səy göstərdiyi görüntüsünü yaratmağa çalışır. Müxalifət isə bu şəraitdən yararlanaraq siyasi gücünü artırmağa və köklü dəyişikliklərə ümid edir.Köklü demokratik dəyişikliklərin seçki ilə baş tutmasına faktiki məhdudiyyətlər mövcud olduğundan müxalifət əsasən mitinqlərlə siyasi güc qazanmağı hədəfləyib. Hökumət isə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, ölkə Konstitusiyasında və qanunlarında təsbit olunan "Sərbəst toplaşmaq azadlığı"na imkan verməməklə müxalifətin önündə süni sədd yaradıb. Müxalifət dəfələrlə mitinq üçün müraciət etsə də, hökumət qanunları pozaraq bu hüququ təmin etməkdən imtina edir.
İqtidar ölkədə sərbəst toplaşmaq azadlığını niyə təmin etmək etmək istəmir? Sərbəst toplaşmaq azadlığına qadağanı nə vaxta kimi davam etdirmək niyyətindədir? Bu hüququn davamlı pozulması hansı nəticələrə səbəb ola bilər? Hökumət bundan nə qazanır, müxalifət nə itirir? Cəmiyyətin reaksiyası necədir? Bu suallar ətrafında real durumu analiz etməyə çalışaq.
İqtidar ölkədə sərbəst toplaşmaq azadlığını niyə təmin etmək istəmir?Cəmiyyətdə sosial narazılıq və siyasi fəallıq öncəki illərdən xeyli yüksəkdir. Son vaxtlar iqtidar nə ölkənin siyasi gündəmini arzuladığı kimi diqtə edə, nə də bu reallığı dəyişə bilir. İndi hökumətin sərbəst toplaşmaq azadlığını təmin etməsi də, etməməsi də onu çətin seçim qarşısında qoyub. Davamlı olaraq bu hüququn təmin edilməməsi iqtidara siyasi və psixoloji zərər vurur. Nəinki cəmiyyətin fəal narazı hissəsi, hətta hakim partiyanın üzvləri, tərəfdarları və dəstəkçiləri də anlayır ki, iqtidar müxalifətin etiraz aksiyalarından ciddi şəkildə çəkinir.
Habelə, sərbəst toplaşmaq azadlığı təmin edilərsə, mitinq iştirakçılarının sayında artım ehtimalı çox yüksəkdir. Müşahidələr göstərir ki hökumətin mitinqə gələnlərə etdiyi qanunsuz basqılar əks effekt doğurur. Qorxu mühiti yaratmaqdan çox, cəmiyyətdə gərginliyi və qəzəbi artırır. İqtidar öz korparativ maraqlarına təhlükə hiss etdikdə açıq qanun və hüquq pozuntusu etməkdən heç vaxt çəkinməsə də, mövcud situasiyada tərəddüd və qeyri-müəyyənlik içərisində olduğu müşahidə edilir.
İndiyədək ən yüksək tribunalardan səslənən, "biz sərbəst toplaşmaq azadlığını təmin edirik" bəyanatları heç də hakimiyyətin arxayınlığının ifadəsi deyildi. Bu, daxili auditoriyada müxalifətə müxalifətçilik edənlər üçün düşünülmüş tezis idi. Əsasən iqtidara yaxınlığı şübhə doğurmayan müəyyən qruplar verilmiş bu mesajlarla aksiyaların hakimiyyətin marağında olduğunun davamlı təbliğatını aparırdı. Hətta xeyli insanı bu tezislərə inandırmaq da mümkün olmuşdu. İndi artıq iqtidar bu tezisi "unudub" və gündəmdən çıxarıb.
İqtidarın sərbəst toplaşmaq azadlığını təmin etməməsinin əsas səbəblərindən biri də, razılaşdırılmış kütləvi etiraz aksiyalarının doğura biləcəyi sosial dalğanın miqyasını və nəticəsini proqnozlaşdıra bilməməsidir.
Hakimiyyət mitinqlərə qadağanı nə vaxta kimi davam etdirmək niyyətindədir?Hakimiyyətin davranışlarında məntiqi siyasi izah axtarmaq çox çətindir. Burada hakimiyyətin özəl maraqlarının diqtə etdiyi xüsusi yanaşmalardan tutmuş, səlahiyyətli şəxslərin ovqatı və xarici təsirlərin rolu istisna deyil. Ancaq, son günlər atılan bəzi addımların analizi bir sıra məsələləri aydınlaşdırır.
Mitinqlərin kütləvi olmasının qarşısını almaqdan ötrü hakimiyyət müxtəlif vasitələrə əl atır. Sadə əhalinin narazılığına səbəb olan psixoloji amilləri, sosial problemləri qismən ortadan qaldırmaq üçün müxtəlif pozitiv qərarlar verir. Kosmetik olsa belə, ictimai rəydə öz imicini müsbətə dəyişməyə və siyasi vasitələri sınaqdan keçirməyə cəhdlər edir. Hətta, islahatlara meyllənməsini nümayiş etdirməklə cəmiyyətdə müsbət gözlənti yaratmağa çalışır.
Həmçinin, sosial şəbəkələrin yaratdığı müxalif ictimai rəyi zərərsizləşdirmək üçün yeni sosial media siyasəti həyata keçirməyə cəhd edilir. Ölkə xaricində və daxilində minlərlə internet izləyicilərini müxalif və müstəqil sosial media resurslardan uzaqlaşdırmaq üçün alternativ yollara baş vurulur. İctimai populyarlığı olan blogerlərin izləyici auditoriyasını məhdudlaşdırmaq və izləyiciləri yeni virtual müstəvilərə cəlb etmək üçün ölkədə canlı yayımlar, maraqlı diskussiyalar, qalmaqallı müzakirələr təşkil edilir.
Eyni zamanda xaricdə fəal iş aparan gənc mühacir blogerlərə və media orqanlarına yönəlik yeni taktiki gedişlər də diqqət çəkir. Onların arasında etimadsızlıq yaratmaq, ruhdan salmaq, kütləvi və fərdi aksiyalardan imtinaya sövq etmək, təbliğat yönünü dəyişmək istiqamətində təşəbüslər nəzərə çarpır.
Habelə, cəmiyyətdəki narazı insanları əks-təbliğatla çaşdırmaq, onların real müxalifət tərəfindən təşkilatlandırılmasına əngəl yaratmaq iqamətində də intensiv iş aparılır. Dinc etiraz aksiyalarının müxalifətin vahid güc mərkəzi tərəfindən idarə edilməsini önləmək üçün mürəkkəb kombinasiyalı layihələr işə salınıb. İqtidar üçün əsas təhlükə mənbəyi ola biləcək müxalifəti kənar təzyiq ilə zəiflətmək mümkün olmadığına görə, bu işin yeni taktika ilə müxalifətin daxilindən həyata keçirilməsinə təşəbbüslər diqqət çəkir.
Hakimiyyət müxalifəti güc müstəvisində qarşıdurmaya çəkmək, əzmək və cəmiyyəti siyasi proseslərdən çəkindirmək üçün vasitələr axtarır. Qanunla təsbit olunan sərbəst toplaşmaq hüququna ardıcıl imkan verməməklə müxalifəti zorakılığa sürükləmək məqsədi istisna deyil. Narazı əhalinin müxalifətin mitinqlərinə qoşulacağı ehtimalı qaldıqca, iqtidar sərbəst toplaşmaq azadlığını təmin etməməyə çalışacaq.
Sərbəst toplaşmaq azadlığının ardıcıl pozulması hansı nəticələrə səbəb ola bilər?Mövcud sosial-siyasi reallıqlarda bu halın davam etməsi iqtidar üçün arzuolunmaz proseslərə yol aça bilər. "Sərbəst toplaşmaq azadlığı" haqqında Qanunda dövlət vətəndaşların bu hüququnun həyata keçirilməsinə təminat verir. İlk növbədə hökumətin sərbəst toplaşmaq azadlığını təmin etməməsi ciddi hüquq və qanun pozuntusudur. Yerli və beynəlxalq məhkəmələrdə dövlətin məhkum edilməsinə əsas yaradacağı şübhəsizdir.
Məsələnin siyasi tərəfləri də iqtidar üçün neqativdir. Beynəlxalq öhdəliklərə əməl edilmədiyi üçün beynəlxalq təşkilatların haqlı qınağı daha da arta bilər. Habelə, ölkə daxilində də siyasi gərginliyin yüksəlməsinə, qanuni vasitələrlə etiraz imkanları məhdudlaşan narazı insanların qanundankənar vasitələrlə etiraz etməsinə səbəb ola bilər. Sərbəst toplaşmaq azadlığının ardıcıl pozulması cəmiyyətdə ziddiyyətlərin dərinləşməsinə və iqtidarın ictimai legitimliyinin tamamilə itirilməsinə gətirib çıxara bilər.
Sərbəst toplaşmaq azadlığını pozmaqla hakimiyyət nə qazanır?Hakimiyyət çox güclü inzibati zor aparatına və maliyyə resurslarına malik olsa da, siyasi gücünü xeyli itirib. Siyasi müstəvidə rəqibləri ilə bərabər mübarizəyə tab gətirməyə qadir deyil. Sərbəst toplaşmaq azadlığını maneəsiz təmin edərsə, cəmiyyətin siyasi fəallığının yüksələcəyindən və rəqiblərinin daha da güclənəcəyindən çəkinir. Xüsusilə də hakimiyyətin daxilindəki ziddiyyətlərin açıq üzə çıxmasından ehtiyat edilir.
İlk baxışdan elə görünür ki, sərbəst toplaşmaq azadlığını pozmaqla iqtidarın mövqeyi güclənir, lakin dərindən analiz etdikdə çox böyük yanlışlığa yuvarlandığını və zəiflədiyini görə bilərik.
Artıq ölkədə yeni siyasi mərhələnin əlamətləri özünü göstərir. Hakimiyyət ehtiyyatla olsa da yeni siyasi obrazını cəmiyyətə təqdim etmək ehtiyacı hiss edir. Əgər yeni siyasi yanaşmalar ortaya qoyulmasa, cəmiyyətdə sabitliyə təminatın getdikcə zəifləyəcəyini anlayır. Artıq ənənəvi idarəetmə konyunkturası ilə davam etməyin təhlükəli olacağını dərk edir. Bir neçə istiqamətdə dəyişiklikləri sürətlə başa çatdırmağa çalışır.
Mövcud situasiyadan müxalifət nə itirir? Cəmiyyətin reaksiyası necədir?Hökumət seçki müstəvisini müxalifət üçün tamamilə qapadıb. Müxalifətin əlindəki yeganə fürsət narazı insanların etiraz aksiyasını təşkil etməklə siyasi hədəflərinə doğru irəliləməkdir. Hökumət uzun illərdir heç bu fürsətin də sərbəst dəyərləndirilməsinə şərait yaratmır. Hətta razılıq verdiyi mitinqlərə qatılanlara inzibati resurslarla maksimum əngəl yaradır, işdən çıxardır, inzibati həbs edir.
İndi isə bu hüququ tam məhdudlaşdırmaqla müxalifəti müvəqqəti olaraq cəmiyyətdən təcrid etmək niyyəti güdülür. Amma mövcud sosial-psixoloji durum elədir ki, iqtidarın sərt basqıları, qadağaları gərginliyi və etirazları daha da artırmağa xidmət edir. Mitinqlərin keçirilməsinə yaradılan süni əngəllər müxalifətin tərəfdarları arasında ötəri çaşğınlığa səbəb olsa da, böyük itki ilə nəticələnməyəcək.
Cəmiyyətdə irimiqyaslı sosial gərginlik var, narazılıq artır və etirazlara meyl yüksəkdir. Lakin hələ də müxalifətin təşkil etmədiyi müstəqil kütləvi etirazlar nəzərə çarpmır. Bəzi kiçik cəhdlər olsa da, dağınıq və sistemsizdir. Hakimiyyətin mövcud gərginliyi azaltması, təməl hüquq və azadlıqları təmin etməsi, sosial durumu müsbətə dəyişməsi vacibdir.
Son olaraq, hazırda cəmiyyətdə dinc ictimai-siyasi mübarizə mühiti yaradan yeganə qanuni kütləvi müstəvi məhz etiraz mitinqləridir. Odur ki, iqtidar müxalifəti bu imkandan məhrum etmək istəyir. Ölkədə dinc demokratik dəyişiklikləri həyata keçirmək iddiasında və əzmində olan müxalifət isə bu hüququ tezliklə əldə etməyə can atır. Müxalifət özü sərbəst toplaşmaq hüququndan müvəqqəti olaraq yararlana bilməsə də, təbliğat resurslarını genişləndirməklə hökuməti cəmiyyətin sosial problemlərinə həssas yanaşmağa və həllinə məcbur edə bilər. //Turan//