London Məhkəməsi Zamirə Hacıyevanı girov müqabilində sərbəst buraxıb


Cümə axşamı Londonun Yüksək Məhkəməsi 55 yaşlı Azərbaycan vətəndaşı Zamirə Hacıyevanı girov müqabilində buraxılması barədə qərar verib, xəbəri BBC radiosu yayıb.

Azərbaycanda 15 il müddətinə həbs edilmiş Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı olan Zamirə Hacıyeva ötən həftə Londonda çirkli pulların yuyulması haqqında araşdırma çərçivəsində həbs edilib.

Bu gün London məhkəməsi Azərbaycana ekstradisiyası haqqında tələblər fonunda onu yarım milyon funt girov müqabilində buraxmaq qərarı verib.

Xatırladaq ki, Hacıyevanın ərinin ölkənin Beynəlxalq Bankından oğurladığı pulları saxladığını hesab edən Azərbaycan hakimiyyəti onun ölkəyə təhvil verilməsinə çalışır.

Bu arada, Hacıyevlərin Londonda ümumi dəyəri 30 mln. dollar olan malikanə və qolf klubundan ibarət əmlakı müsadirə edilə bilər, belə ki, Hacıyeva onların qanuni yolla qazanılmış pulla alındığının inandırıcı dəlillərini təqdim etməyib.