Z.Hacıyeva ı könüllü olaraq polisə təslim olub
Azərbaycan vətəndaşı, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin xanımı, 55 yaşlı Zamirə Hacıyeva Londonda həbs edilib.BBC radiosunun məlumatına görə, Z.Hacıyeva ötən çərşənbə axşamı könüllü olaraq polisə təslim olub, istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Britaniya hakimiyyəti onu Londonun mərkəzində mülkü və qolf klubu (30 mln. dollarlıq) hansı pula aldığını açıqlamağa qadir olmamaqda ittiham edib.
BBC-nin məlumatına görə, məhkəmə Z.Hacıyevanın Bakıya ekstradisiya edilməsi barədə Azərbaycanın sorğusuna baxır.
Z.Hacıyevanı 500 min funt müqabilində zaminə buraxmaq cəhdinin qarşısı London prokurorluğu tərəfindən alınıb. Prokurorluq buna etiraz edib. Yekun qərarı cümə axşamı London Apellyasiya Məhkəməsi qəbul edəcək.
Xatırladaq ki, Britaniya hakimiyyəti tərəfindən Z.Hacıyevaya qarşı iddia pulların yuyulmasına qarşı mübarizə haqqında qanun çərçivəsində irəli sürülüb. İstintaq zamanı Z.Hacıyeva son 10 ildə Londonda sürdüyü dəbdəbəli həyata və aldığı çoxmilyonluq daşınmaz əmlaka xərclədiyi vəsaitin qanuni mənşəyini sübut edə bilməyib.
Z.Hacıyevanın əri 2015-ci ildə Beynəlxalq Bankdan bir neçə yüz milyon dolları oğurlamaq və mənimsəmək ittihamı ilə 15 il azadlıqdan məhrum edilib.