Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi
Ölkədə təhsil sisteminin durumu acınacaqlı vəziyyətdədir. Mövcud hakimiyyət təhsilin böhrandan çıxarılması üçün əsaslı tədbirləri həyata keçirtmək istəmir və ya buna qadir deyil. Xüsusilə, ümumtəhsil orta məktəblərində məqsədli şəkildə gələcəyimiz üçün savadsız və müasir elmi dünya görüşünə yiyələnməyən kütlə yetişdirilir. Aztəminatlı ailələrin övladları, ümumiyyətlə, normal təhsil almaqdan məhrum olunublar. Təhsil Nazirliyi isə müxtəlif layihələrlə orta və ali təhsilin səviyyəsini bərbad vəziyyətə salıbdır. Masallı rayon Təhsil Şöbəsi də bu mənada bərbad hala düşmüş təhsil sisteminin bir parçasıdır.
Bu sözləri 7gun.az saytının rəhbəri, jurnalist Cavid Şirəliyev özünün feysbuk səhifəsində yazıb: "Mətbuat Şurasının (MŞ) 19 iyun 2019-cu il tarixdə Şikayətlər üzrə Kommisiyasının iclasında Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun 7gun.az saytı ilə bağlı şikayəti araşdırılıb. Şikayət “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” başlıqlı məqaləyə görə verilmişdir. Kommisiyanın iclasında qeyd olunmuşdur ki, məqalə hazırlanarkən redaksiya “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ının prinsiplərini pozub. Güya anonim mənbələr əsasında hazırlanan yazıda əks etdirilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib.
Mətbuat Şurasının nəzərinə çatdırırıq ki, sözügedən məqalədə əsasən Qəriblər kənd tam orta məktəbin direktoru Şərafət Əliyevin qanunsuz əməlləri barədə məlumatlar öz əksini tapıb. 7gun.az saytında “Qəriblər kənd tam orta məktəbin gizlinləri” başlıqlı məqalədə gündəmə çıxarılan problemlər barəsində hətta Təhsil Nazirliyinin rəhbərliyinin də məlumatlı olmasına baxmayaraq, heç bir tədbir görülməmişdir. Belə ki, Masallı rayon Təhsil Şobəsinin 03 iyul 2015-ci il tarixli 105/1 saylı məktubunda göstərilir ki, Qəriblər kənd tam orta məktəbində fizika müəllimi işləmiş Əliyev Fürsənd Şərafət oğlu 01 noyabr 2011-ci il tarixdə ərizəsinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. Bu faktı məktəbin direktoru Şərafət Əliyev 16 fevral 2019-ci il tarixdə redaksiyamızın elektron poçtuna göndərdiyi təkzib məktubunda da qeyd etmiş və yazmışdır ki, göstərilən tarixdən oğlu Fürsənd Əliyev ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və işləyir.
Lakin Masalll rayon Təhsil Şöbəsinin Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi (uçot nömrəsi 93510000103) 0102 kodlu Məcburi Dövlət Sosial Sığortası haqqında məlumat bankında Əliyev Fürsənd Şərafət oğlunun adına 2011-cil ildən 2014-cü ilə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığortasının köçürülməsi barədə məlumatlar vardır. Əgər Fürsənd Əliyev Masallı rayonunun ümumitəhsil orta məktəblərinin birində işləməmimişdirsə, Bakı şəhərində yaşadığı halda onun adına məcburi dövlət sosial sığorta pulu necə köçürülüb? Məqalədə göstərilmişdir ki, Fürsənd Əliyev 2011-ci ilin noyabr ayında Bskı şəhərində ysşadığı halda onun adı Qəriblər kəndinin qonşuluğunda yerləşən Şıxlar kənd natamam orta məktəbində fizika müəllimi kimi qeydiyyata alınmışdır. Təhsil Nazirliyinin rəhbərliyi və Masallı rayon Təhsil Şöbəsi bu fakt barədə açıqlama verməmişdir. 7gun.org-da dərc edilmiş “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” başlıqlı məqalə məhz bu problemlə bağlı yazılmışdır. Ölkədə təhsil sistemində olan bu tipli qanunsuzluqlara aidiyyatı dövlət qurumları münasibət göstərmir və bu sahədə araşdırmalar aparan müstəqil mətbuat orqanlarının susdurulması üçün Mətbuat Şurasından istifadə edilir"- deyə Cavid Şirəliyev qeyd edib.