Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq


Mayda Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq. Tədbirdə iştirak etmək üçün AFR XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Mixal Ziberin rəhbərliyilə nümayəndə heyəti mayın 7-də Bakıya gələcək. Bu barədə AFR-in Azərbaycandakı səfiri Mixael Kindsqrab bugünkü mətbuat konfransında bildirib.

Danışıqların gündəliyi barədə sualın cavabında səfir deyib ki, hər zaman tərəflər qarşılıqlı münasibətlər və region üçün aktual olan siyasi mövzular üzrə açıq dialoq aparırlar.

Demokratiya və insan hüquqları məsələlərinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı dəqiqləşdirici sualın cavabında səfir deyib ki, siyasi əməkdaşlığa daxil olan bütün məsələlər, o cümlədən demokratiyanın inkişafı və islahatlar müzakirə predmeti olacaq.

Bundan əlavə, Cənubi Qafqaz ilə parlamentlərarası dostuq qrupunun həmsədri Yohennes Karsın rəhbərliyilə Bundestaq nümayəndə heyəti mayın üçüncü ongünlüyündə Azərbaycana səfər edəcək.

Ümumilikdə, son ildə ölkələr arasında münasibətlər intensiv inkişaf edib və 2018-ci ilin avqustunda federal kansler Angela Merkelin səfəri zamanı bu əlaqələrə təkan verilib.

Azərbaycan regionda AFR-in mühüm tərəfdaşıdır. 2018-ci ildə ölkələr arasında əmtəə dövriyyəsi 1,4 mlrd. avro təşkil edib. Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyası, o cümlədən bərpa olunan enerji mənbələrinin inkişafı üçün yaxşı imkanlara malikdir.

Azərbaycan MDB-də RF-dən sonra ikinci ölkədir ki, Almaniya Xarici Ticarət Palatası var.

Həmçinin elm-təhsil-mədəni əlaqələr inkişaf edir. 2018-ci ildə DAAD (Alman Akademik Mübadilə Xidməti) xəttilə 218 azərbaycanlı gənc AFR-də təhsil almaq üçün təqaüdçü olub. Bundan əlavə, 2017-ci ildən Bakıda Goethe Mərkəzi fəaliyyət göstərir ki, bu da alman dili və mədəniyyəti haqda biliklərin yayılmasında mühüm rol oynayır.