Ombusdman Aparatı Bayram Məmmədova baş çəkib


Ombudsman Aparatının Milli Preventiv Qrupu (MPQ) aprelin 5-də Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) baxış həyata keçirib. Bu barədə qrupun yaydığı açıqlamada deyilir.

Açıqlamaya görə, MPQ üzvləri tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Bayram Məmmədov da qəbul edilərək konfidensial qaydada dinlənilib.

Açıqlamada deyilir ki, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə araşdırılıb, habelə onların bir sıra müraciətləri yerində təmin edilib.

Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunub.

Xatırladaq ki, B.Məmmədov 2016-cı il mayın 10-da saxalnılıb. Rəsmi olaraq külli mqidarda narkotuk vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq digər siyasi fəal Qiyas İbrahimli ilə birgə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə hər iki siyasi fəal ittihamı qəbul etməyərək Heydər Əliyevin heykəlinin üzərinə "Qul bayramınız mübarək" şüarı yazdıqlarına görə həbs olunduqlarını bildiriblər.

2019-cu il martın 16-da əfv fərmanı ilə azadlığa buraxılıblar.

Azadlığa çıxdıqdan sonra B.Məmmədov bir neçə dəfə Sabunçu Rayon Polis İdarəsinə aparılıb və martın 29-da Sabunçu rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsilə təqsirli bilinərək 30 sutka inzibati cəza verilib.

Aprelin 1-də Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb, B.Məmmədov ona verilən işgəncələr barədə danışıb, aprelin 2-də vəkili Elçin Sadıqov işgəncələrlə bağlı baş prokurora, daxili işlər nazirinə və s. şikayətlər ünvanlayıb. /Turan.az/