Ombudsmanın Milli Preventiv Qrupu Qobustan həbsxanasında məhbuslarla rəftarı araşdırır
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Qobustan qapalı həbsxanasında məhbusların saxlandığı korpuslara, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə baxış keçirib.
Ombudsman Aparatının məlumatında deyilir ki, başçəkmədə məqsəd məhbusların saxlanma şəraitinin və onlarla rəftarın yoxlanması, habelə daxil olan şikayətlərin araşdırılması olub.
Saxlanıma şəraiti, tibbi yardımın göstərilməsi, qidalanma, isti və soyuq su ilə təminat, sovqatların alınması, gəzinti, görüş və telefon danışıqları ilə bağlı vəziyyət yoxlanılıb.
"Bəzi kameralarda saxlanma şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Məhbuslarla rəftar məsələsinin yoxlanılması üçün MPQ həkimin iştirakı ilə çoxsaylı məhkumla təkbətək görüş keçirib", - məlumatda bildirilir.
Saxlanma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub.
Başçəkmənin nəticələri ilə bağlı aidiyyəti qurumlara təqdimatlar göndəriləcək.
Qeyd edək ki, Preventiv Qrupun məlumatında konkretlik yoxdur və bu həbsxanada türmə rəisi də daxil olmaqla, konkret şəxslər tərəfindən məhbuslara qarşı işgəncələr və qeyri-insani rəftarla bağlı şikayətlərin araşdırılmasına dair şərhlər yer almayıb.
Bu, əsasən Taleh Bağırzadənin rəhbərliyilə "Müsəlman Birliyi" Hərəkatının fəallarına qarşı işgəncələr barədə məlumatlara aiddir.