BŞİH təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçir


Hava şəraitinin kəskin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb.

7gun.org xəbər verir ki, bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar təsərrüfat xidmətləri xüsusi rejimdə işləyəcək:

“Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçir. Yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür”.

Eyni zamanda BŞİH-dən əhaliyə müraciət edilərək, avtomobillərin ağacların altında park etməmələri xahiş olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnoza görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Xatırladaq ki, Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı yaydığı açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, Azərsu ASC-ni ittiham edib.

Meriya subasmaları Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ biliməməsini problemi yaradan səbəb kimi göstərib.