Abşeron rayonunda icra məmurlarının özbaşınalıqları- FOTO


"Vətəndaş Abşeron rayon icra şöbəsindən şikayətçidir"

"İllər boyu geri çəkilmədim, məhkəmələrin qapısından əl çəkmədim, nəhayət, sübut etdim ki, mənə qarşı dələduzluq olunub və evimi geri qaytara bildim. Ancaq o evdən çıxarılan əşyalar geri qaytarılacaq vəziyyətdə deyil. Abşeron rayon icra şöbəsinin icra məmurları ilə evimi alan şəxs əlbir olub avadanlıqlarımı, əşyalarımı elə vəziyyətə salıblar ki, onları yalnız zibilliyə atmaq olar”.

Yasamal sakini Nərgiz Əliyeva Meydan TV-yə danışır ki, 18 il əvvəl Bakı şəhəri, Abşeron rayonundakı Məhəmmədi kəndində olan evi dələsuzluq yolu ilə əlindən çıxıb. Uzun illər məhkəmə qapıları döyəndən sonra, nəhayət, məhkəmələr evinin özünə qaytarılması barədə qərar çıxarıb. Ev sahibəsi evinə yığışsa da, vaxtilə məhkəmə qərarı ilə evindən çıxarılmış əşyaların bir qismi yoxa çıxıb, bir qismi tullantı halına salınıb.

"Əşyaların bir hissəsi yoxa çıxıb, bir hissəsi sınıq-sınıqdır"

Nərgiz Əliyeva danışır: "3 il əvvəl mənə xəbərdarlıq etmədən, evimin əşyalarını aktlaşdırmadan Abşeron Bələdiyyəsinə daşıyıblar. Əşyalar 1 il 6 ayadək bələdiyyəyə məxsus bir otaqda qalıb. Sonra ordan da bələdiyyənin Ələkbər adlı fəhləsinin həyətinə daşınıb. Mən əşyalarımı uzun axtarışdan sonra gedib həmin adamın həyətindən tapanda hamısı sınıq-sınıq idi. Həmin adam dedi ki, əşyalar, avadanlıqlar onun həyətinə daşınanda artıq sınıq-sınıq olub, çünki daşınma zamanı sahibsiz əşya kimi istədikləri kimi davranıblar. Ev sahibi məndən avadanlıqlarımı və digər əşyalarımı həyətdən daşıyıb aparmağımı tələb etsə də, bildirdim ki, bu əşyalar evdən çıxarılanda aktlaşdırılmayıb. Üstəlik, əşyaların yarısı yoxdur, qalanları isə yararsız vəziyyətə salınıb. Ona görə də heç yerə apara bilmərəm. Mənim yanımda icraçılara zəng vurdu, dediklərimi onlara çatdırdı. Asəm adlı icra məmuru ona dedi ki, özü bilər, aparmasa, 1 həftəyə özümüz gəlib hamısını yığışdırıb uşaq evlərindən birinə verəcəyik”.

"İcra məmurları təqsiri qarşı tərəfin üstünə atırlar"

Nərgiz xanım deyir, Abşeron rayon icra şöbəsinə gedərək ev boşaldılarkən tərtib olunmuş aktı və əşyaların siyahısını tələb edib: "Əvvəlcə dedilər ki, nə akt var, nə də siyahı... Mən də səs-küy saldım, dedim, bu, nə özbaşınalıqdır, necə yəni, evi boşaldıb vətəndaşın əşyalarını tar-mar etmisiz, üstəlik, ortalığa sənəd də çıxartmırsız. Onda tez mənə bir ərizə göstərdilər, həmin ərizə qarşı tərəfin imzasıyla yazılmışdı və orda qeyd olunmuşdu ki, evin yeni sahibi evi əşyalarla birlikdə qəbul edib. Bildirdilər ki, get, əşyalarını evin yeni sahibindən tələb et. Mən məhkəmə tərəfindən mənzilin yeni sahibi adlandırılan Ağabacı adlı qadınla görüşdüm, bildirdi ki, ev ona təhvil verilərkən icra məmurları deyib, əşyalar hələlik evdə qalsın, özləri aparıb uşaq evinə verəcəklər. O da Abşeron bələdiyyəsinə gedib, əşyaların evindən çıxarılmasını tələb edib, bələdiyyədən məsləhət görülüb ki, əşyalar hələlik bələdiyyədə işləyən fəhlənin həyətinə yığılsın”.

"Əşyaları aktla evin yeni sahibinə təhvil vermişik"

Abşeron rayon icra şöbəsindən bildirilib ki, məhkəmə qərarının icra olunması üçün cavabdeh Nərgiz Əliyevaya xəbərdarlıq olunsa da, o, icra prosesində iştirak etməyib. Bu səbəbdən də avadanlıqlar mənzilin hüquqi sahibi ilə aktlaşdırılaraq mənzildə qalıb. Sonradan ev sahibi əşyaları ərazi üzrə bələdiyyəyə verib. İcra məmurlarının bundan xəbəri olmayıb.

Hüquqşünas Vaqif Alıyev deyir, Nərgiz Əliyeva icra məmurlarının hərəkətlərindən məhkəməyə müraciət etməlidir: "Əgər vətəndaşın yeri müəyyən olunmayıbsa, onun şəxsi əmlakı hesab olunan əşyaları mənzildən çıxarıla bilməzdi və icra məmurunun nəzarətində, sahibinə aktla təhvil-təslim olunanadək həmin mənzildə qalmalıydı”.

Nərgiz Əliyeva əslində icra məmurları ilə bağlı məhkəməyə müraciət edib. Ancaq məhkəmə onun ərizəsini geri qaytarıb.

Abşeron rayonunda icra məmurlarının özbaşınalıqları
Abşeron rayonunda icra məmurlarının özbaşınalıqları