Məmməd Əmin Rəsulzadənin xidmətləri haqqında yeni barelyefdə qeyd yoxdur


Novxanı bələdiyyəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin doğulduğu evdə barelyefi yenidən dəyişdirib. İndi abidənin üzərində Rəsulzadənin siyasi xidmətləri haqqında məlumat yoxdur.

Xatırladaq ki, bürünc barelyef 10 gün əvvəl bədəməllər tərəfindən oğurlanıb, metal kimi təhvil verilmək üçün mişarlanıb.

Ötən həftə hakimiyyət üzərində səhvlər olan yeni barelyef quraşdırıb. Onun üzərində belə yazılmışdı: "Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur".

Bununla birinci respublikanın adı təhrif olunub. KİV-də bu barədə yazılar getdikdən sonra bələdiyyə rəhbərliyi barelyefi yenidən dəyişdirmək qərarına gəlib.

Bu dəfə lövhədə sadəcə olaraq belə yazılıb: "Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur". Lövhədə Rəsulzadənin siyasi xidmətləri haqqında heç bir qeyd yoxdur.

Bələdiyyə sədri Şahin Tağıyev bunu belə izah edib: "Onsuz da onun xidmətlərini hamı bilir və bir daha sadalamağa ehtiyac yoxdur".