Əminə Hacıyeva Baş Prokurora müraciət etdi


Hörmətli cənab Baş Prokuror! Dəfələrlə Sizə yazdığım kimi qardaşım məhkum Cahangir Hacıyevin saxlanılmasında dözülməz şərait var, xüsusilə onunla görüşməyimdə böyük problemlər yaşayırıq. 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən 2017-ci ilin oktyabr ayından 2018-ci ilin may ayına kimi onunla görüşməyimə icazə verilmədi, Bakı İstintaq Təcridxanasına keçiriləndən sonra 15 sentyabrdan hazırki vaxta qədər görüşməyimiz yenidən dayandırıldı, hərçənd iş üzrə istintaq çoxdan başa çatıb.

7gun.org-ın məlumatına görə, bu sözləri hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bakının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətdə yazıb.

"Cahangir Hacıyevlə ailə üzvü kimi yalnız mən görüşürdüm. Ona görə də mənimdə görüşməyimə icazə verilməməsi təkcə görüşün adi məhdudlaşdırılması deyil, bu artıq C.Hacıyevə qarşı işgəncədir. Bunun başqa adı yoxdur. Yeganə ailə üzvü ilə görüşə icazə verilmir. Ona mətbuat verilmir, kitablar verilmir, telefon danışıqları verilmir, hətda dərmanların verilməsi belə əngəllənir, Sizə dəfələrlə müraciət edirik, cavab verilmir, Məhkəməyə müraciət edirik, ərizələrimiz süründürməçiliyin burulğanında itib batır.

Cənab Baş Prokuror, bu nədir!? Axı məhkumunda hüquqları var! Bəlkə belə deyil?

Cənab Baş Prokuror! Cahangir Hacıyevin saxlanılmasındakı dözülməz şəraiti Sizin nəzərinizə çatdırmaqla ona qarşı işgəncələrin dayandırlmasını Sizdən xahiş edirik"- deyə Əminə Hacıyeva müraciətində bildirib.